Məhkəmə qərarları › İş №3(060)-3013/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3013/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3013/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş leytenantı X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzbati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat 3 bal cərimə olunmuşdur. Bildirmək istəyir ki, barəsində qanunsuz protokol tərtib olunmuşdur. Belə ki, 20 Yanvar H.Əliyev prospektində sola dönərkən YPX əməkdaşı X3 onun avtomobilinə saxla əmri vermiş, qarşıdan gələn nəqliyyat vasitəsini yol verib hərəkəti davam etmədiyini bildirmiş və 100 (yüz) manat 3 bal cərimə tətbiq etmişdir. Lakin, onun avtomobilində olan ön və arxa kameralarda video görüntülər dəqiqliklə qeydə alınmışdır. Ona yazılan protokoldan bir neçə dəqiqə sonra video görüntüləri incələmiş və qarşıdan gələn nəqliyyat vasitəsi işıqforda tam dayandığını, hərəkət etmədiyini görmüş, həmçinin aralarında yetərli qədər məsafə olduğundan hərəkətə başlamış və videoya baxdıqdan sonra Sumqayıt şəhər X7 Şöbəsinə getmiş, inzibati otaqda tərtib edilən protokolun doğru olmadığını və videogörüntü tələb etmiş, həmin görüntüdə də açıq aydın qarşıdan gələn nəqliyyat vasitəsi üçün heç bir qəza şəraiti yaratmadığı, tam sola döndükdən sonra qarşıdan gələn nəqliyyat vasitəsi hərəkətə başladığı görünmüş, lakin barəsində tərtib edilən qərar ləğv edilməmişdir. Barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və həmin qərar əsasında ona tətbiq edilmiş cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis leytenantı X3 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 20 yanvar və Heydər Əliyev prospektinin kəsişməsində hərəkətdə olan zaman sürücü onlardan iki avtomobil qarşıda həkəkətdə olmuşdur. Həmin ərazidə işıqfor vardır və sürücü sola dönmə əməliyyatı yerinə yetirən zaman qarşıdan gələn avtomobilə yol verməlidir. Sürücü hərəkətə başlayan zaman qarşıda olan “Priora” markalı avtomaşın da hərəkətə başlayır, lakin sürücü həmin avtomobilə yol vermədən hərəkətini davam etdirərək sola dönmə əməliyyatını həyata keçirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsində də sürücü sola və ya geriyə dönmə əməliyyatı apararkən sağında olan və düzünə hərəkətdə olan avtomobillərə yol verərək tam əmin olduqdan dönmə əməliyyatını yerinə yetirməli olduğu göstərilmişdir. Yol ayrıcında olan zaman işıqforun qırmızı işığı yansa da, sürücü hərəkətə davam edə bilər. Çünki əks istiqamətdə, yəni Bazar istiqamətindən gələn avtomobillər gələndə yolda tıxac yaranmasın. Lakin, işıqforda yaşıl işıq yanan kimi hərəkət etmək qanun pozuntusudur. Sürücünü saxlayan zaman işlədiyi yer barədə məlumat verməmiş, fikirli olduğunu bildirmiş və qayda pozuntusu etmişdirsə, protokol yazılmasını bildirmiş, qərar qəbul edildikdən sonra Asan Xidmət istiqamətində başqa avtomobil saxlayan zaman sürücü ona yaxınlaşmış, ona kömək etmələrini bildirmiş, o da qərarın sistemə yerləşdirildiyini və məhkəməyə müraciət etmək hüququnun olmasını sürücüyə izah etmişdir. Qərarın əsaslı olduğunu nəzərə alaraq şikayətin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz E280 minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrindədə Sumqayıt şəhəri, 20 yanvar - Heydər Əliyev prospektinin kəsişməsində dönmə əməliyyatı apararkən qarşıdan sağ istiqamətdən hərəkətdə olan avtomobilə yol verəməyərək dönmə əməliyyatını yerinə yetirilməsi əsası ilə X4 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət etmiş şəxs və qərarından şikayət verilmiş şəxsin məhkəməyə təqdim etdiyi videogörüntülərdən görünür ki, Ayaz Yusifovun idarə etdiyi avtomobil hərəkətə başlayarkən qarşıdan gələn Lada Priora markalı avtomobil hərəkətə başlamamış, həmçinin həmin avtomobilin sürücüsünün qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməmişdir. Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş avtomobilin arxa hissəsində quraşdırılmış videogörüntüdə qeydə alınan Lada Priora markalı avtomobilin yol ayrıcında dayanmasına səbəb isə YPX avtomobilinin sayrışan işıqlarla yol ayrıcına daxil olmasıdır. Həmçinin, sürücü Ayaz Yusifovun nizamlanan yol ayrıcından keçmə manevri təhlükəsiz olmuş, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamışdır. Əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X2 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Azərbaycan Respublikasının Qanunu ilə ratifikasiya olunmuş “Yol nişanları və siqnalları haqqında” Vyana Konvensiyanın 1-ci maddəsinin “U” bəndinə əsasən sürücü üçün başqa nəqliyyat vasitələrinə “yol vermək” göstərişi - onun hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəcəyi təqdirdə, bu hərəkətləri etməkdən çəkinməli olduğu deməkdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinin 1-ci bəndinə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Sumqayıt şəhər X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar