Məhkəmə qərarları › İş №3(060)-3015/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3015/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3015/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli qərarı ilə AR İXM-nin 353.2-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, o guya inzibati xəta törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində saat 12:13:01-də o, etibarnamə üzrə istifadəsində olan 99DC515 dövlət qeydiyyat nişanlı MAN Yük markalı Beton Qarışdıran tipli nəqliyyat vasitəsini Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba İstiqamətində idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmışdır. ** DC *** dövlət qeydiyyat nişanlı MAN Yük markalı Beton Qarışdıran tipli nəqliyyat vasitəsi ilə həmin günün müqavilə üzrə işlədiyi KSS BETON İNŞAAT TİKİNTİ MMC-dən Yaşma qəsəbəsində tikinti işləri aparan X4 MMC-yə 6 m3 əmtəə betonu aparmışdır. Standartlara görə 1 m3 əmtəə betonun xüsusi şəkisi 2350 kiloqram hesab edilir. Belə olduqda 6 m3 əmtəə betonun xüsusi şəkisi 14100 kq təşkil edir. Maşının boş çəkisi isə 15840 kiloqramdır. Göstərinlənlərdən belə aydın olur ki,həmin tarixdə idarə etdiyi maşının çəkisi 29940 kq olmuşdur .Lakin həmin yük elektron tərəzidə artıq çəkilmiş və yük 36750 kq göstərilmişdir. 99DC515 dövlət qeydiyyat nişanlı MAN Yük markalı Beton Qarışdıran tipli nəqliyyat vasitəsinin çəkilməsi və protokol tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, **-DC-*** dövlət qeydiyyat nişanlı MAN Yük markalı maşının sürücüsü xx.xx.2024-cü il tarixində, saat 12:13:01-də İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 99DC515 dövlət qeydiyyat nişanlı, MAN Yük markalı maşının boş çəkisinin ağırlığını təsdiq edən tərəzi çekinə əsasən maşının boş çəkisi 15840 kiloqramdır. Malların və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:12:55-də **-DC-*** dövlət qeydiyyat nişanlı, MAN Yük markalı maşını vasitəsilə KSS BETON İNŞAAT TİKİNTİ MMC tərəfindən göndərilmiş 6 kubmetr əmtəə betonu X4 MMC tərəfindən qəbul edilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto görüntüdən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində hərəkətdə olan **-DC-*** dövlət qeydiyyat nişanlı MAN Yük markalı nəqliyyat vasitəsinin çəkisi 36750 kq (limit 32000 kq) olmuşdur. Qeyd edilən fotoda nəqliyyat vasitəsinin çəkisi 36750 kq olması göstərilsə də, şikayətə əlavə edilmiş nəqliyyat vasitəsinin boş çəkisinə dair tərəzi qəbzi və elektron qaimədən görünür ki, avtomobilin boş çəkisi və 6 kubmetr əmtəə betonunun çəkisi birlikdə 29940 kq olmuşdur(15840 kq+14100 kq=29940kq). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, X2 barəsində əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1- 114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyi üçün ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, EQ24866101 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar