Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3017/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, xx.xx.1974-cü ildə Füzuli rayonu Rəfədinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Aliminium zavodunda qarajda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-218/2013 saylı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1750/2021 saylı icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədləri Füzuli rayon İcra və Probasiya Şöbəsindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və icra sənədlərinin icrası ona həvalə edilmişdir. İcra sənədi daxil olduqdan sonra borclu İcra İdarəsinə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdə tələbin könüllü icra edilməsi haqqında bildirişlə tanış edilmiş, tələbin icrası barədə izahatı alınmış və hüquq və vəzifələri ona izah olunmuşdur. İlk olaraq onu bildirir ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci və xx.xx.2022-ci il tarixli hökmlərinə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrun etmə cəzasına məhkum edilmişdir. Borclu barəsində xx.xx.2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmiş və tələbkara 1000 manat ödəniş etdiyi üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Borclu dəfələrlə İcra İdarəsinə dəvət olunmuş və elektron məhkəmə sistemi vasitəsilə borclunun ikinci həyat yoldaşının mobil telefon nömrəsinə SMS göndərilsə də, o, çağırışlara gəlməmişdir. Ona görə də, borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunaraq qərar icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Füzuli RPŞnə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfində İcra İdarəsinə təhvil verilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. İş materiallarına hökm və Penitensiar Xidmətin məktubu əlavə edilmişdir. Yığılmış aliment borcundan cəmi 1000 manat ödəniş edilmiş və bu günə borclunun 23180 manat aliment borcu yaranmışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü təqsirli bilir. Vərəm xəstəsi olduğunu, İcra İdarəsinin icraatında onun barəsində icra sənədlərinin olmasından xəbəri olduğunu, çağırışlara gəlmədiyi üçün peşman olduğunu və Aliminium zavodunda qarajda yaşadığını bildirdi. Xəstəliyi ilə bağlı ona müavinat təyin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etmişdir. Həmçinin 2017 və 2022-ci il tarixli hökmlərlə Füzuli Rayon Məhkəməsi tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda aliment borcunun silinməsi üçün Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda məhkəmənin icraatındadır. Xəstə olmasını və işləmədiyini nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ilə 2006-cı il tarixdə nikaha daxil olmuş və həmin nikahdan 02 (iki) övladları olmuşdur. Övladlarının biri qan xəstəsi, digəri isə beyin iflicidir. Özü də xəstədir və 16 dəfə əməliyyat olunmuşdur. Uşaqlar Bilgəhdə yerləşən Əlillər Mərkəzində təhsil alır. Övladları 2024-cü ilin əvvəlindən həftənin 5 günü Əlillər Mərkəzində, şənbə və bazar günləri isə onunla qalırlar. Şəxs 02 (iki) il bundan əvvəl Zaur Baxşəliyevin verilişinə çıxaraq uşaqların atasının onun olmadığını iddia etmiş, DNT analizi verilmiş və uşaqların atasının Şəxs olduğu müəyyən edilmişdir. Pensiya və çörək pulu alır. Yığılmış aliment borcundan cəmi 1000 manat ödəniş edilmiş və 23180 manat aliment borcu qalmışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 borclunun işləmədiyini, maddi vəziyyətinin zəif olduğunu və səhhətini nəzərə alaraq şəxsin əməlinin inzibati xəta sayılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-218/2013 saylı icra sənədindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Ramin Həsənovun və xx.xx.2009-cü il təvəllüdlü Amil Həsənovun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs xx.xx.2013-cü il tarixindən hesablanmaqla hər uşağa 60 manat olmaqla iki uşağa hər ay 120 manat sabit məbləğdə aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarlardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(032)-218/2013 saylı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1750/2021 saylı icra sənədləri icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-218/2013 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1750/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2013-cü il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(064)- 9/2017 saylı hökmdən görünür ki, Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(064)-9/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum edilmiş Dərgahov X1 Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(064)-486/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(064)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-218/2013 saylı icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Ramin Həsənovun və xx.xx.2009-cü il təvəllüdlü Amil Həsənovun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər uşağa 60 manat olmaqla iki uşağa hər ay 120 manat sabit məbləğdə aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1750/2021 saylı icra sənədinə əsasən Şəxs 300 manat sabit məbləğdə aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. İş üzrə xx.xx.2013-cü və xx.xx.2021-ci ildə icraata başlamaq barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, aliment məbləğindən Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş edilmişdir. Bununla da, borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 23180 (iyirmi üç min yüz səksən) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddədi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına və Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs olunmasına baxmayaraq yıqılmış aliment borcundan cəmi 1000 manat ödəniş etmiş, 23180 manat ödənilməmiş borcu qalmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, göründüyü kimi borculunun hələ də, ödənilməmiş kifayət qədər məbləğdə borcu var və sonuncunun işləməməsi onun məsuliyyətdən kənar qalması üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 dekabr 2024-cü il tarixdən saat 16.10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 11 dekabr 2024-cü il, saat 16.10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3017/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3017/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver