Məhkəmə qərarları › İş №3(060)-302/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-302/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-302/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, yataqxana-16, otaq 33, 42 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan, (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6406/2024 nömrəli icra sənədi üzrə 2277,40 manat pulu qərəzli olaraq ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 6406/2024-007 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs elektron nəzərat vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu icra idarəsinə çağırılmış, izahatı alınmışdır. Borclunun adına heç bir əmlak və gəlir yoxdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 300 manat ödəyə bilər, lakin zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Hazırda qeyd edilən məbləği ödəməyə imkanı yoxdur. Ümumiyyətlə o, məhkəmə qətnaməsindən razı deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır. Göstərilən halları nəzərə alaraq borclu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-6406/2024-007 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6406/2024-007 nömrəli sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6406/2024-007 nömrəli sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-6406/2024-007 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu maddi vəziyyətinin pis olmasını və heç bir ödəniş edə bilmədiyini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müdafiəçinin məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar