Məhkəmə qərarları › İş №3(060)-303/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-303/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-303/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Asim Məmmədli şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, ******* il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə özünəməxsus “Kia” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov və Atatürk prospektinin kəsişməsində hərəkətdə olan zaman o, svetaforun sarı işığında keçib yol ayrıcında olan zaman sol tərəfdən gələn “Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Daha sonra baş vermiş hadisənin araşdırılması məqsədi ilə yol polis idarəsinə getmişlər. Orada olan zaman “Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü günahın özündə olduğunu etiraf etmiş, bu faktı araşdırma aparan yol polis inspektoru da təsdiq etmişdir. Daha sonra o, idarədən çıxmışdır. Təxminən iki gün sonra onun elektron kabinetinə barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilməsi barədə ona bildiriş gəlmişdir. O, qeyd olunan məsələnin araşdırılması məqsədi ilə polis idarəsinə getmiş, orada hadisənin baş verdiyi istiqamətdən deyil, əks istiqamətdə olan görüntünü təqdim etmişlər. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Günahın özündə olmasını digər tərəf özü də etiraf etmişdir. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, TP xx.xx.2024-cü saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, xx.xx.2024-cü il tarixdə icarə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Z.Bünyadov və Atatürk prospektinin kəsişməsində hərəkətdə olan svetaforun yaşıl işığı yanan anda yol ayrıcında olan nəqliyyat vasitələrin hərəkətini tamamlamasını gözləmədən hərəkətə başlamış, yol ayrıcında hərəkətdə olan “Kia” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı hərarəti olduğundan tələsik nəqliyyat vasitəsini idarə etmiş, işıqforun qırmızı və ya yaşıl işığında hərəkətə başladığını dəqiq xatırlamır. İdarədə olan zaman izahatı alınmamış, ona görüntü təqdim edilməmişdir. Hadisənin baş vermə görüntüsünü görmədiyindən hesab edir ki, yol nəqliyyat hadisəsi onun təqsirindən baş vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-ə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Bundan əlavə məhkəmə iclasında iştirak edən hadisənin digər iştirakçısı “Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin baş vermə görünütüsün görmədiyini, bu səbəbdən xətanın məhz onun özü tərəfindən baş vermə ehtimalnın olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmadan, iş materiallarında olan sənədlər vasitəsi ilə həqiqətən də inzibati xəta hadisəsinin olub-olmaması müəyyən edilmir. Həmin faktın araşdırılması ilə bağlı Bakı şəhər DYPİ-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhər DYPİ-ə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar