Məhkəmə qərarları › İş №3(060)-303/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-303/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-303/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakları ilə Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25781030 saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25781030 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Eldar Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Eldar Məmmədov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ 25781030 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Eldar Məmmədov şikayətini onunla əsaslandırmışdır ki, o, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25781030 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Tərtib olunan protokola inzibati xəta haqqında işin digər materiallarına görə xx.xx.2025-ci il tarixində 19:15-də M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində MAN TGX 18.440 yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobili yüklədiyi ərazidən 40 ton 570 kiloqram çəki ilə xx.xx.2025-ci il tarixdə saat 17:21 radələrində ərazidən çıxmış, yükü boşaltmalı yerə 40 ton 460 kiloqram çəki ilə çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton 720 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona cərimə tətbiq edilmişdir. Hesab edir ki, DİN-nin BDYPİ-nin tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, EQ 25781030 saylı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Eldar Məmmədov şikayətini müdafiə edərək bildirdi ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. “MAN” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə şebel yükü yüklənmiş, Quba rayonu, Qudyalçay kəndindən yola düşmüş, Xızı rayonu, Giləzi kəndində Bakı istiqamətində radara düşmüşdür. Yükü götürdüyü "xxxx" MMC-nin tərəfindən avtomobil yüklə birlikdə tərəzidə çəkilmiş çəkisinin 40 ton 570 kq olduğu müəyyən edilmişdir. Bundan başqa foto şəkillərdə hadisə vaxtı avtomobilin çəkisinin 42 ton 720 kq olduğu qeyd edilmişdir. Qeyd edir ki, bu hadisədən sonra da 40 ton 680 kq yüklə həmin yerdən keçmiş, lakin radara düşməmişdir. Qeyd edir ki dəfələrlə həmin ərazidən 40 tondan artıq yüklə keçsə də, lakin barəsində qayda pozuntusu ilə bağlı protokol tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmənin yeri və vaxtı barəsində qabaqcadan protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclaasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X5 tərəfindən təqdim edilmiş foto şəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqamətində hərəkətdə olarkən çəki limiti 40 ton olmasına baxmayaraq, ümumilikdə 42 ton 270 kq çəki ilə hərəkətdə olmuş, həmin limiti aşaraq qayda pozuntusu törətmişdir. "xxxx" MMC-ə məxsus xx.xx.2025-ci il tarixli, 3164 №-li “tərəzi qəbzi” dən görünür ki, “MAN” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükü şeben olmaqla ümumilikdə 40 ton 570 kq olmuşdur. "xxxx" MMC-ə məxsus xx.xx.2025-ci il tarixli, 3450 №-li qəbzdən görünür ki, “MAN” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükü şeben olmaqla ümumilikdə 40 ton 460 kq olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “MAN” markalı, TGX 18.440 yük yük modelli, **-JN-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının yüksüz kütləsi 7950 kq, maksimal kütləsi 18000 kq. qeyd edilmişdir. X2 məxsus sürücülük vəsiqəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi C1E və CE kateqoriyaları üzrə nəqliyyat vasitələri idarə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 47-ci bəndinə əsasən icazə verilən maksimum kütlə dedikdə istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddi başa düşülür. Avtoqatarın icazə verilən maksimum kütləsi isə tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 51-ci bəndinə əsasən ağırçəkili nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi anlaşılır. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi anlaşılır. Məhkəmə Eldar Məmmədovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Eldar Məmmədovun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, məhkəmə iclasında qayda pozuntusunu özündə əks etdirən 01 ədəd fotoşəkilə baxış keçirərkən məlum olmuşdur ki, Bakı Quba yolunun 65.1 km-də, M-1 magistralında Bakı istiqamətində hərəkətdə olan “MAN” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı Xızı rayonu, Giləzi kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolarında idarə etmiş, nəticədə Qanunun yuxarıda qeyd edilən tələbini pozaraq inzibati xəta hadisəsi törətmişdir. EQ 257 81030 saylı protokolda həmin qayda pozuntusunun hərəkət halında çəki ölçmə nəzarət sistemi olan Kistler markalı, 9835 A saylı xüsusi texniki vasitənin məlumatına əsasən aşkara çıxarıldığı göstərilmişdir. Bundan başqa qərardan şikayət verən şəxs tərəfindən təqdim edilmiş tərəzi qəbzlərindən görünür ki, həmin avtomobildə olan yüklər yol verilə bilən həddən artıq olmuşdur. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Eldar Məmmədovun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25781030 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar