Məhkəmə qərarları › İş №3(060)-3036/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3036/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3036/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan (FİN: 2GFM3Q5) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün məhkəməyə təqdim etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN1954944 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:15 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən “Park Street” restoranında münaqişə zamanı X4 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X7 DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 18:15 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Park Street restoranında Vasif adlı adminstrator ilə aralarında yaranan mübahisə zamanı Vasifin onun bədənin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından araşdırılma aparılması üçün aidiyyəti üzrə göndərilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu X5 ilə xəngəl yemək üçün İnstaqram sosial şəbəkəsində Sumqayıt şəhəri, 1-ci mkr, Səməd Vurğun küçəsində yerləşən “Park Street” restoranını seçmiş və elanda olan nömrəylə əlaqə saxlayaraq dostu ilə gələcəyini bildirmiş və əlaqə saxladığı xanım ona restoranda yer olduğunu və gələ biləcəklərini söyləmişdir. O, dostu ilə 1 saat sonra həmin restorana gəlmiş, bu zaman orada çalışan işçilər restoranın yalnız ailəvi konseptdə olduğunu bildirərək onları içəri buraxmamışlar. O, əvvəldən restoranla danışıb dostu ilə gələcəyini söylədiyini bildirmiş və bu səbəbdən restoranda mübahisə yaranmış, sonradan adını bildiyi və restoranın adminstratoru olan Vasif ilə aralarında mübahisə olmuş, mübahisə zamanı Vasif onun gicgah və boyun nahiyəsinə, əl və ayağına zərbələr vuraraq onu yerə yıxmışdır. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Park Street” restoranında adminstartor vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə bir nəfər şəxs restoranın qadın işçisi ilə sosial şəbəkədən restoranın səhifəsindən mobil nömrəni əldə edərək danışıb yer rezerv etmiş və təxminən saat 18:30 radələrində dostu ilə restorana gəldikdə restoranda xanım onlara üzrxahlıq edərək obyektin konseptinə uyğun olaraq yalnız aliləvi gələn müştərilərin əyləşə biləcəyini bildirmiş, həmin şəxslər də nə üçün telefonda danışarkən onlara bu barədə məlumat verilmədiyini söyləmişlər. Bundan sonra, həmin şəxslər narazı şəkildə restorandan çıxıb getmişlər. O, hava almaq üçün restoranın həyətində çıxmış və bu zaman həmin şəxslər ona qarşı nalayiq hərəkətlər etmişlər. Bu zaman o, zərərçəkmiş şəxsdən nəsə narazılığı olduğunu soruşduqda sonuncu onun danışıq tərzini yamsılamış, bundan sonra o, zərərçəkmiş şəxsi vurmuşdur. Lakin, zərəçəkmiş şəxsin gicgah nahiyəsinə vurmadığını, eyni zamanda zərəçəkmiş şəxsin də onu vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Hazırda törətdiyi əmələ görə özünü təqsirli bilmir. Göstərilən halları nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 izahatında bildirmişdir ki, hadisə qarşılıqlı münaqişə olmuş və zərəçəkən şəxsin təhrikedici hərəkətləri nəticəsində baş vermişdir. O, hüquqlarını müdafiə etdiyi şəxsi xarakterizə edən müsbət keyfiyyətlər mövcuddur. Onun azyaşlı uşağının olması, ailədə yeganə qazanc gətirən şəxs olması, zərəçəkmiş şəxslə barışığa cəhd etməsini nəzərə alaraq şəxsin əməlinin inzibati xəta olmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən “Park Street” restoranında münaqişə zamanı X4 döyərək xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 1972 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədən səthində bədəni üzərində sağ əlin İ barmağının dırnaq falanqasının arxa səthinin sol əlin İ əl-daraq sümüyü pryeksiyasının arxa səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, necə ki, kənar şəxs tərəfindən, eləcədə özü-özünə yetirməsi istisna edilmir və sağamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar