Məhkəmə qərarları › İş №3(060)-3038/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3038/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3038/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı binanın həyətində həmin binanın 23-cü mənzilində yaşayan Zərərçəkmiş şəxs tərəfindən qoyulmuş iki ədəd söhbətgah oturacaqlarını və altı ədəd avtomobil üçün nəzərdə tutulan dayanacaqları sındırmaqla sonuncuya 300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqan Sumqayıt şəhər 4cü Polis Bölməsinə və Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş oqranın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin səlahiyyətli nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib edilmişdir. Sözügedən söhbətgah oturacağı həyətin oturacağıdır, kiminsə şəxsi əmlakı deyil. O, həmin oturacağa dair fotoşəkil təqdim edərək, oturacağın Zərərçəkmiş şəxs tərəfindən deyil, həmin binanın sakinləri tərəfindən düzəldildiyini bildirmişdir. Həmçinin, o, həyətdə ümümi istifadədə olan yolda basdırılmış armaturları gediş-gəlişə mane olduğu üçün çıxartdığını qeyd etmişdir. O, Zərərçəkmiş şəxs məxsus heç nəyi sındırmadığını, sonuncunun əmlakına qəsdən zərər vurmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis mayoru Eldar İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Şəxs yaşadığı binanın həyətində həmin binanın 23-cü mənzilində yaşayan Zərərçəkmiş şəxs məxsus iki ədəd söhbətgahı və altı ədəd avtomobil üçün nəzərdə tutulan dayaqları sındırmaqla sonuncuya 300 manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iş materiallarını araşdırıb və barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyib qeyd edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs təhqiqat zamanı izahatında həyətdə olan oturacağın və avtomobil üçün nəzərdə tutulmuş dəmir dayaqların ona məxsus olmasına dair, eyni zamanda ona 300 manat məbləğində ziyan vurulması barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, Şəxs təqsirliliyini və əmlakı qəsdən ziyan vurmasını təsdiq edən sübutlar protokol tərtib etmiş orqan tərəfindən də təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar