Məhkəmə qərarları › İş №3(060)-3041/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3041/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3041/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də ixtisassız fəhlə işləyən, Goranboy rayonu, N nömrəli hərbi hissəsə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 5354 manat ödənilməyən borcu vardır. Göstərilənlərə əsasən A.İ.Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Vəlixanov İrfan Azər oğlu anası Zərərçəkmiş şəxs himayəsinə faktiki verildiyi vaxtdan onun yetkinlik yşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Hazırda borclunun 5354 manat ödənilməyən borcu vardır. Borclu aliment ödənilməsindən qərəzli boyun qaçırdığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. 2023-cü ilin dekabr ayında borclu anası ilə icra idarəsinə gəlmiş, onlara aliment ödənişi edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. 2024-cü ilin fevral ayında aliment borcundan 193 manat ödəniş edilmişdir, ödəniş əmək haqqından tutma formasında icra edilmişdir. Şəxs daha sonra işdən çıxdığı üçün tutma aparılması mümkün olmamışdır. Borclu barəsində protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə məhkəməyə gətirilmiş və iş məhkəmənin icraatında olan zaman 1350 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə bağlı isə aralarında razılıq əldə edildiyi üçün iş üzrə icraata xitam verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yaranmış borc əsasında yenidən barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Şəxs 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Hazırda tərəflər arasında yenidən ödənişlərlə bağlı razılıq əldə edilmiş olduğunu və qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, maddi vəziyyətində çətinliklər olduğu üçün aliment borcu yaranmışdır. Hazırda rəsmi iş yeri var. Bundan əlavə, o tələbkarla razılığa gəlmiş və bu ilin dekabr ayının 3-nə kimi 1000 manat və qalan aylarda mütəmadi olaraq ödənişlər edəcəyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmiş və göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, son üç ayda ödənişlər etməmişdir. Hazırda yaranmış borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmamışdır. Hazırda yaranmış borcun qısa müddətə ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Vəlixanov İrfan Azər oğlu anası Zərərçəkmiş şəxs himayəsinə faktiki verildiyi vaxtdan onun yetkinlik yşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü VəlixanovaBanu Azər qızının saxlanılması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş hər iki tərəfin ərizəsindən görünür ki, aliment borcu üzrə yaranmış borcdan 1000 manatını dekabr ayının 3-nə kimi, daha sonra qalan aylarda mütəmadi olaraq ödənişlər ediləcəyi barədə tərəflər arasında razılığa gəlinmişdir. Ona görə həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu), həm də zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) 2023-cü ilin dekabr ayında icra idarəsində olaraq barəsində olan icra işi üzrə məlumatlı olmuş və ona tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Hazırda isə iş məhkəmənin icraatında olan zaman borcun ödənilməsi ilə bağlı tərəflər arasında razılığa gəlinmişdir. Eyni zamanda həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu), həm də zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (icra işi üzrə borclu) icra işindən məlumatlı olduğu 2023-cü ilin dekabr ayından sonra 2024-cü ilin fevral ayına kimi onun əmək haqqından tutulma aparılması, bundan sonra növbəti aylarda ödənişlər etməsini son iki ayda ödəniş edə bilməməsini və hazırda rəsmi iş yerinin olması, eyni zamanda borcun ödənilməsi ilə bağlı isə tərəflər arasında razılıq əldə edilməsi ona dəlalət edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs A Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, subyektiv mülahizələrə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar