Məhkəmə qərarları › İş №3(060)-3046/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3046/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3046/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxsin müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Kılıç Mehmet tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Kılıç Mehmet şikayətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Kılıç Mehmetin müdafiəçisi X2 şikayəti onunla əsaslandırdı ki, Kılıç Mehmetin həyat yoldaşı Kılıç Mehribanın sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “X4”nin fəaliyyəti ilə əlaqədar AR ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra orqan) tərəfindən 30.07.2021-ci tarixli ******* saylı qərarı ilə Kılış Mehmet barəsində 3500 (üç min beş yüz) manat miqdarında cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq edilmə əsası kimi İXM 266.2-ci maddəsinə əsasən “X4” iaşə obyektinin fəaliyyəti ilə əlaqədar formalaşan tullantı sularının şamboya axıdılqdan sora daşınmasını, məişət tullantılarının daşınmasına dair müqavilənin olmamasıdır. Orqanın bu qərarı tamamilə qeyri-qanuni, ədalətsiz və qərəzlidir. Belə ki, Orqan cərimə tətbiq etməmişdən əvvəl inzibati araşdırılma aparıldığını bildirsə də, heç bir araşdırılma aparılmamışdır. Əgər ki, araşdırılma aparılsaydı aşağıda göstərilən xüsusatlar aşkara çıxar və bu formada qeyri-qanuni və heç bir normaya əsaslanmayan qərar çıxarılmazdı. Barəsində cərimə tətbiq edilən məsələ “X4” ilə əlaqədardır. Qeyd edilən balıq evi ilə Kılıç Mehmet arasında ümumiyyətlə hər hansı inzibati xətalar baxımından hüquqi bağlılıq yoxdur. Belə ki, obyekt onun həyat yoldaşı Kılıç Mehriban tərəfindən sahibkarlıq fəaliyyəti əsasında işlədilir. Həmin “Balıq evi” də təsərrüfat uçot kodu ilə onu yoldaşının VÖEN-nə bağlıdır. Onunla yoldaşı arasında bu qərar çıxarılan zaman hər hansı əmək münasibəti olmamışdır. Bununla bağlı dövlət vergi orqanlarında, dövlət sosial müdafiə sistemində hər hansı qeyd yoxdur. Onunla yoldaşı arasında sahibkarlıq fəaliyyəti ilə bağlı əmək münasibətləri yalnız sentyabr ayında bağlanılmışdır. Bununla əlaqədar əmək müqaviləsi bildirişi şikayətin əlavəsində təqdim edilir. Orqanın vəzifəli şəxs qismində Kılıç Mehmetə cərimə tətbiq etməsi tamamilə əsassız və qeyriqanunidir. İnzibati Xətalar Məcəlləsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən, publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Kılıç Mehmet bu anlayışın təsir dairəsinə düşmür. Ümumiyyətlə bu iaşə obyekti yaşayış təyinatlı bir yer deyil. Bu səbəbdən onun tullantıları məişət tullantısı yox, istehsalat tullantısının əhatə dairəsinə düşür. Bundan başqa İXM-nin 266-cı maddəsinin dispoziyası tullantı sularının axıdılması məsələlərini tənzimləmir. Tullantı suları ilə əlaqədar İXM-də ayrıca maddə, yəni İXM-ni 262-ci maddəsi mövcuddur. İXM-nin 262.2.3-cü maddəsi tullantı sularının özbaşına axıdılması məsələlərini tənzimləyir. Bu maddə isə ümumiyyətlə Orqanın qərar qəbul etməyə dair səlahiyyət dairəsinə aid olan maddə deyil. İXM-nin 43-cü maddəsinə əsasən bu maddəyə dair qərar qəbul etmə səlahiyyəti məhkəmələrə aiddir. Əlavə olaraq qeyd etdi ki, inzibati tənbeh tətbiq edilməsinə dair qərar İXM-nin 57-ci maddəsinə uyğun olaraq Kılıç Mehmetə təqdim edilməmişdir. Tənbeh tədbiri ilə əlaqədar o, yalnız keçən həftə məlumat almışdır və məlumat aldıqdan sonra aidiyyəti üzrə dərhal məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Kılıç Mehmet Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, 134.1.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, obyekt Kılıç Mehmetin həyat yoldaşı Kılıç Mehriban tərəfindən sahibkarlıq fəaliyyəti əsasında işlədilir. Həmin “Balıq evi” də təsərrüfat uçot kodu ilə onu yoldaşının VÖEN-nə bağlıdır. Onunla yoldaşı arasında bu qərar çıxarılan zaman hər hansı əmək münasibəti olmamışdır. Bununla bağlı dövlət vergi orqanlarında, dövlət sosial müdafiə sistemində hər hansı qeyd yoxdur. Onunla yoldaşı arasında sahibkarlıq fəaliyyəti ilə bağlı əmək münasibətləri yalnız sentyabr ayında bağlanılmışdır və bütün bunlara baxmayaraq Kılıç Mehmet barəsində Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Kılıç Mehmetnın şikayətinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar