Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-305/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokolda Şəxs narkotik vasitə istifadə etdiyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolda isə xx.xx.2025-ci il tarixdə, saat 00.30 radələrində Ceyranbatan qəs, Türkan restoranı yaxınlığında uca səslə mübahisə edərək nalayiq ifadələr işlətdiyi və ictimai qaydanı pozduğu qeyd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-305/2025 saylı qərardadı ilə Şəxs İXM-nin 206 və 510-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-305/2025 və 3(060)-306/2025 №-li işlər bir icraatda 3(060)-305/2025 nömrəsində ilə birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Ceyranbatan qəs, Türkan restoranı yaxınlığında uca səslə mübahisə edərək nalayiq ifadələr işlətmiş və ictimai qaydanı pozması səbəbindən polis əməkdaşı yaxınlaşaraq onu 5-ci PB-yə dəvət etmişdir. Bölmədə aparılan araşdırma zamanı o tibbi müayinəyə cəlb edilmiş və sidik nümunələrindən götürülmüş analizlə onun narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə polis sahə rəisi X3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs saxlanılmasında əməliyyat müvəkkili Seymur Əliyevlə birlikdə iştirak etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yaxınlaşdığımız zaman sonuncunun səs-küy salmasına şahid olmuşdur. Həmçinin qeyd etmişdir ki, Şəxs qeyd olunan tarixdə spirtli içkilərin təsiri altında olduğundan baş verənləri tam olaraq xatırlamaması normal haldır. O, polis əməkdaşları sözügedən əraziyə daxil olmuş məlumat əsasında getdiklərini bildirmişdir. Şəxs narkotik vasitələrin təsiri altında olması ilə bağlı tibbi müayinədən keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilmiş, lakin Həmin məcəllənin 510-cu maddəsi ilə təqsirli bilməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Ceyranbatan qəs, Türkan restoranında spirtli içki qəbul edərək narkotik vasitədən istifadə etmişdir. Bundan sonra həmin restorana polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Hadisə baş verən gün isə heç bir ictimai qaydanı pozmamışdır. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin ictimai qaydanı pozmamışdır, əməlindən peşmandır. Barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə inzibati iş üzrə icraata xitam verilsin, İXM-nin 206-cı maddəsi ilə bağlı hissədə Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı və işdə olan digər sənədlərlə sübuta yetirilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” xx.xx.2025-ci il tarixli, A/263 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02.40 radələrində müayinə olunmuş və marixuana qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 516 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs sidik nümunəsində THC (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İXM-nin 206-cı maddəsi ilə tutulmuş, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməli idi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin, Şəxs protokolda göstərilən hərəkətləri etməsi faktı öz təsdiqini tapmır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın nəticə hissəsində Şəxs əməlində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibinin olması qeyd edilmiş, həmin qərarın təsviri hissəsində isə Şəxs mübahisə edərək səs-küy salması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş protokolda isə Şəxs uca səslə mübahisə edərək nalayiq ifadələr işlətməsi qeyd edilmişdir. Qeyd olunan ziddiyyət Şəxs ictimai qaydanı pozması halını şübhə altına alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Seymur Əliyevin tərtib etdiyi “Raport”dan görünür ki, Türkan restoranı yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin yüksək səslə danışaraq nalayiq ifadələr işlətməsini görüb polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İXM-nin 510-cu maddəsi ilə tutulmuş, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. İnzibati Xətalar Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin X2 İXM-nin 206-cı maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etsə də, İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsasən Şəxsn narkotik vasitədən istifadə etməsindan səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati qaydada tutulduğu üçün təyin edilmiş inzibati həbs müddətindən çıxılmalı, inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci tarixində saat 17.00-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələblərinə uyğun icra edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Həmçinin Vəkil tərəfindən göstərilmiş olduğu 4 (dörd) saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00.30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələblərinə uyğun icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-305/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-305/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver