Məhkəmə qərarları › İş №3(060)-3050/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3050/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3050/2024 13.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, Yataqxana 1, otaq 125 ünvanında qeydiyyatda olan və ünvan 2şayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6126/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(011)-7437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə Şəxs 02 (iki) uşağın saxlanması üçün 470 (dörd yüz yetmiş) manat aliment tutulmalıdır. Onun 616 (altı iki on altı) manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iki icra sənədi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Vətəndaş İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış və tələbkara həftəlik aliment ödənişləri etdiyi müəyyən olunmuşdur. Son bu yığılan borcun biri xx.xx.2024-cü il tarixə olan müddətə kimi hesablanmış borcdur. Sadəcə olaraq tələbkar borcluya qarşı cox aqressivdi və Qaynar xəttə zəng vuraraq şikayət etmişdir. Tələbkar ona göndərdiyi səs yazılarında da, borclu tərəfindən borcun tam ödənilməsini, əgər ödəmirsə tutulmasını tələb edir. Borclunun tələbkarın kart hesabına ödənilməsi barədə qəbzlər iş materiallarına əlavə edilmişdir. Bu günədək 1517,50 manat ödənilmiş, dekabr ayı daxil olmaqla 616 manat borc qalmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu, hal-hazırda işləmədiyini, hər həftə ödəniş etdiyini, 400-500 manat borcu qaldığını və həmin borcu da hissə-hissə ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir, Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6126/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədindən görünür ki, xx.xx.2015-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 manat məbləğində sabir pul şəkilində aliment tutularaq X1 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7437/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədindən görünür ki, 15 noyabr 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 oktyabr 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs oglundan iddiaçı X7 gızının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6126/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7437/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Şəxs tələbkarın bank hesabına 1517,50 manat ödəniş etmişdir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi yazılı izahatdan məlum olur ki, işsiz və xəstə olmasına baxmayaraq hər həftə tələbkarın bank kartına aliment ödəniş etmişdir. Bu günə qədər 1517,50 manat ödəniş etdiyini, cəmi 416 manat borcu qaldığını və həmin borcu dekabr ayının sonunadək hər həftə ödəniş edib borcu bağlayacağını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu Şəxs hər həftə tələbkarın bank hesabına aliment ödənişləri etmişdir. Belə ki, borclu bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən 1517,50 manat ödəniş ödəmiş, dekabr ayı daxil olmaqla cəmi 616 manat borcu qalmışdır. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar