Məhkəmə qərarları › İş №3(060)-3052/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3052/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3052/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 10.09.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 09.09.2021-ci il tarixdə 34-cü məhəllə, 30 saylı marşrutda cibgirlik etmiş və 10.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlamada MOP və MET qəbul etdiyi aşkar olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, Şəxs 09.09.2021-ci il tarixdə 34-cü məhəllə, 30 saylı marşrutda cibgirlik etmiş və 10.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlamada MOP və MET qəbul etdiyi aşkar olunmuşdur. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən 10.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin istifadəçisidir və bununla bağlı olaraq əvvəllər məhkum olunmuşdur. Son zamanlar işsizdir və maddi vəziyyəti normal deyildir. 09.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində 30 saylı xətt avtobusuna minmiş, həmin vaxt avtobusda bir xüyli adam olmuşdur. O, avtobusda olan ayaqüstə dayanan kişinin cibində pul olduğunu görmüş, əlini həmin şəxsin cibinə salaraq onun cibindən pulu oğurlayıb avtobusdan enmişdir. Lakin həmin kişi onun pulunu oğurladığını başa düşdüyü üçün onun ardınca gələrək onu saxlamış, o da həmin şəxsin pulunu geri qaytarmışdır. Onların söhbətini görən polis əməkdaşları onları PB-nə gətirmişdir. 10.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsində Ambulator məcburi narkoloji tibbi yoxlamada narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən 10.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan 10.09.2021-ci il tarixli 3360 nömrəli rəydən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə əsasən, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İşdə olan tutma protokolundan görünür ki, Şəxs 09.09.2021-ci il tarixdə, saat 15:00da tutulmuşdur. Bu nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 09.09.2021-ci il tarixdə, saat 15:00-da tutulduğu və məhkəməyə təqdim edilənədək saxlandığı müddət nəzərə alınsın və üzərində 200 (iki yüz) manat cərimə cəzası saxlanılsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar