Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3055/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi Rüstəm Fərəcovun, Zərərçəkmiş şəxs, onun vəkili Vəkil1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Vəkil2 iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə fiziki tərbiyə müəllimi işləyən, Qubadlı ray., Aşağı Cibikli ərazi dairəsi, Xallava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon Sağlamlıq imkanı məhdud məktəbin həyətində vətəndaş Günel Orucavaya nalayiq söyüşlər söymüş, sonuncunu ölümlə hədələmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcov tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ayın 16-sı məktəbdən çıxanda arxası ilə gələn iş yoldaşı Günel müəllimə ona sataşaraq ünvanına nalayiq sözlər işlədərək təhdiq etmişdir. O, arxaya çönərək onun səbəbini soruşduqda yenədə onu təhqir edərək kim olduğunu, öz rəfiqələrinin yoldaşı onu nə hala salmasından bəhs olmamasını deyərək yenədə onu təhqir etmişdir. O isə öz növbəsində onu nə hala salanın nə yediyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu və ailəsini təhqir edib, ünvanına nalayiq söyüşlər söymüşdür. Məsələni sakitləşdirmək üçün o mağazaya girmişdir. Onun mağazaya getməsinə baxmayaraq Zərərçəkmiş şəxs yenə də həyətin içi ilə gedə-gedə onun özünü və ailəsini təhqir etmişdir. Mağazadan çıxanda Zərərçəkmiş şəxs belə halda görüb sakitləşdirmək üçün arxası ilə gedərək onu və ailəsini təhqir etməməyi bildirmişdir. O, ona əl qaldırmamış, yaxınına belə getməmişdir. Həmin gün özünü müəllimənin həyat yoldaşı kimi təqdim edən bir şəxs ona zəng edərək, onun ünvanına nalayiq ifadələr işlətmiş, onu hədələmiş və başına oyun açacağını bildirmişdir. O telefonda özünü müdafiə etmək üçün qarşılıq olaraq söyüş söymüşdür. Bir müəllim olaraq bütün baş verənlərə, məsələnin məhkəməyəqədər gəlib çıxmasına təəssüf edir və məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, 2007-ci il tarixdən yuxarıda qeyd olunan məktəbdə müəllimə işləyir, onunla birlikdə həmin məktəbdə Şəxs də idman müəllimi işləyir. O və digər müəllimə yoldaşları xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində məktəbdən çıxıb söhbət edə-edə piyada yol gedirmişlər. Həmin vaxt onların qarşısında piyada gedən Allahverdi yanlarına gələrək ona onun haqqında danışması ilə bağlı öz iradını bildirmişdir. O, Allahverdiyə onun haqqında danışmadığını deyən zaman Allahverdi ona "Siz mənim haqqımda danışada bilmərsiniz" deyən zaman o, Allahverdiyə bir daha onun haqqında danışmaq fikrinin olmadığını söyləmişdir. Həmin vaxt Allahverdi onun üzərinə gələrək ona nalayiq söyüşlər söymüş, onu ölümlə hədələmiş, orada olan Vəfa, Lamiyə və Günay adlı müəllimələr ona öz iradlarını bildirmiş və o, müəllimələrlə birlikdə yoluna davam etmişdir. Onlar yaxınlıqda yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman Allahverdi ona yaxınlaşıb onu divarda sıxmış, yumruqla onu vurmaq istəyən zaman orada olan Gülnarə müəllimə onu kənara itələmiş və onun qadın olduğunu Şəxs nəzərinə çatdırmışdır. O, Allahverdinin hərəkətlərinin yersiz olduğunu, onunla həyat yoldaşının danışacağını Allahverdinin nəzərinə çatdıran zaman sonuncu bir daha onun ünvanına nalayiq söyüşlər söymüş, heç kəsdən qorxmadığını, çəkinmədiyini deyərək çıxıb getmişdir. O həmin vaxt özünü pis hiss etmiş, orada olan Güləli müəllim ona yaxınlaşıb su vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Şəxs ona və yanında olan digər müəllimələri məhkəmə iclasında dilə gətirilməsi mümkün olmayan söyüş ilə təhqir etmişdir. Bir ailəli Azərbaycan qadını və müəllimə olaraq bunu qəbul edə bilmir. Bunlara baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onunla barışmağa belə cəhd etməmiş, öz hərəkətlərini davam etdirəcəyini, onlara isə hara istəyirlər şikayət etmələrini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs barəsində ən sərt inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs və Şəxs onunla eyni məktəbdə müəllim işləyirlər. O, Günel və digər müəllimə yoldaşları ilə 16.11 2022-ci il tarixdə, saat 13:30 radələrində məktəbdən çıxıb söhbət edə-edə piyada yol gedirmişlər. Həmin vaxt onların qarşısında piyada gedən Allahverdi yanlarına gələrək Günelə onun haqqında danışmağı ilə bağlı öz iradını bildirmişdir. Günel ona onun haqqında danışmadığını deyən zaman Allahverdi Günelə “Siz mənim haqqımda danışada bilmərsiniz” söyləmiş, Günel ona bir daha onun haqqında danışmaq fikrində olmadığını, bunun müqabilində Allahverdi Günelə “Sizə baxanda bilinir ki, Siz hansı yuvanın quşusunuz” demişdir. Günel ona buna görə onun sahibinə cavab verərsən deyən zaman Allahverdi onun üzərinə gələrək Günelin ünvanına nalayıq söyüşlər söymüşdür. Onlar yəni, həmin vaxt orada olan o, Vəfa, Kəmalə, Lamiyə ona öz iradlarını bildirmiş və birlikdə yollarına davam etmiş, Allahverdi yaxınlıqda olan mağazaya daxil olmuşdur. Onlar yaxınlıqda yerləşən 15 nömrəli tam orta məktəbin yanında olan zaman Allahverdi əlində çörək onların arxası ilə gəlib anidən Günelə yaxınlaşmış, onu divara sıxmış, yumruqla onun baş nahiyyəsinə vurmaq istəyən zaman orada olan Gülnarə və Lamiyə müəllimələr onu kənara itələmişlər. Allahverdiyə Günelin qadın olduğunu nəzərinə çatdırmışdır. Allahverdi çıxıb gedən zaman ümumi olaraq onları saxlayan kişilərin kişi olmadığını söyləmiş, bir daha Günelin ünvanına nalayıq söyüşlər söymüş, onun nəslində kişi olmadığını, heç kəsdən qorxmadığını, çəkinmədiyini deyərək çıxıb getmişdir. Günel həmin vaxt özünü pis hiss etmiş, orada olan Güləli müəllim ona yaxınlaşıb su vermiş, Günel su içmədən oradan onlarla birlikdə uzaqlaşmışdır. Allahverdi bundan əlavə Güneli hədələyərək onu vuraraq sözlə öldürəcəyini bildirmişdir. Allahverdi həmçinin təxminən 2 il bundan əvvəl həmin məktəbdə müəllimə işləyən X3 və onunla münaqişə etmiş, onlara da nalayiq söyüşlər söymüşdür. Məhkəmədə şahid qismində dindirilən X2 və X7 da şahid X1 ilə eyni məzmunlu izahat verərək, dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahid X8 izahatında göstərdi ki, o, hadisə baş verən əraziyə yaxın yerdə tərəvəz dükanı işlədir. O, dükanda olarkən səs-küy eşitmiş, səs-küyə çölə çıxdıqda bir neçə qadının qışqıraraq Allahverdi ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, Allahverdinin sakit olduğunu görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş digər şahid X4 izahatında göstərdi ki, o, məktəbə yaxın evdə yaşayır. O, evdə olarkən həyətdən səsküyün gəldiyini, həyətə baxan zaman isə bir neçə qadının qışqırdığını görmüşdür. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və onun zərərçəkmiş şəxslə barışmağa cəhd belə etməməsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2022-ci il, saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3055/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3055/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver