Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-306/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* və ******* nömrəli protokollar tərtib olunmuşdur. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində uca səslə nalayiq ifadələr işlədərək cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək xırda xuliqanlıq hərəkətləri etmiş və PPX əməkdaşlarına nalayiq ifadələr işlədərək onların iradlarına məhəl qoymayaraq qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Möhtəşəm” şadlıq sarayının qarşısında içkili vəziyyətdə uca səslə nalayıq ifadələr işlədən zaman ərazidə xidmətdə olan PPX əməkdaşları ona yaxınlaşmış, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, öz əməllərini davam etdirərək PPX əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs avtopatrul avtomobilinə əyləşdirilərək Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirilmişdir. PB-nin xidməti binasında olan zaman o, yenə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, yenidən onu nizam-intizama dəvət etsələr də, bir nəticə verməmişdir. Şəxs PB-nin inzibati binasında nalayiq ifadələr işlətməsi video götüntüyə alınmış və diskə yazılaraq məhkəməyə təqdim olunmuşdur. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Möhtəşəm” şadlıq sarayından toydan çıxıb rayona qayımaq üçün avtomobilə oturan zaman PPX əməkdaşları ona yaxınlaşmış, sənədlərini təqdim etməyini bildirmişlər. Sənədləri rayonda qaldığı üçün üzərində olmadığını bildirmiş, PPX əməkdaşları isə onlarla PB-nə getməyini bildirmişlər. Bu zaman aralarında mübahisə düşmüşdür. Həmin vaxt avtomobildə onun qohumları və bacısı olmuşdur və o, içkili vəziyyətdə olmuş, amma heç bir nalayiq ifadələr işlətməmişdir. O, PPX əməkdaşları tərəfindən PB-nə aparılarkən avtomobildə və PB-də ona fiziki təsir göstərərək döymüşlər və o, müxtəlif xəsarətlər almışdır. Sonradan polis əməkdaşları ona nalayiq ifadələr işlətmiş və o da onlara qarşılıq verərək onlara nalayiq ifadələr işlətmişdir. Yuxarıda göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX taborunun polis nəfəri, polis baş serjantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində xidmətdə olarkən “Möhtəşəm” şadlıq sarayının qarşısında ağaclıq ərazidə 4-5 nəfərin yığışdığını və uca səslə nalayıq ifadələr işlədildiyini görərək onların yanına yaxınlaşmış, nalayiq ifadələr işlədən şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduğunu, ictimai qaydaları pozmamasını bildirib, dəfələrlə onu nizam-intizama dəvət etsələr də, o, öz əməllərini davam etdirərək onları nalayiq ifadələrlə təhqir etmiş və əl-qol hərəkətləri edərək onların üzərinə getmişdir. Bu zaman o, yavaş-yavaş arxaya çəkilmiş, həmin şəxs isə cox içkili olduğu üçün ayağı maneəyə ilişib yerə yıxılmışdır. Sonradan onu avtopatrul avtomobilinə əyləşdirilərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-nin xidməti binasında olan zaman o, yenə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, yenidən onu nizam-intizama dəvət etsələr də, bir nəticə verməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX taborunun polis nəfəri, polis serjantı X6 da X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 01 (bir) ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan A/179 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə 01:20 radələrində müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs izahat verməkdən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidlərin ifadələri və vəkilin çıxışı dinlənilərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 29 yanvar 2024-cü il tarixdən, saat 03:30-dan hesablansın. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-306/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-306/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver