Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-307/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, qərardadan şikayət vermiş şəxs Rüstəmov Cəmil Əmrah oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından Rüstəmov Cəmil Əmrah oğlu tərəfindən verilmiş şikayətə dair işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Rüstəmov Cəmil Əmrah oğlu Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və İXP5844597 nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında ödədiyi 270 manat məbləğində cərimənin ona geri ödənilməsini xahiş etmişdir. Rüstəmov Cəmil Əmrah oğlu şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi ** CG *** dövlət qeydiyyat nişanlı, "VNL 21150 MİNİK” markalı avtomobillə Sumqayıt şəhəri, Nizami küçəsi ilə yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olmaqla həmin küçənin M.Hüseynzadə küçəsi ilə kəsişməsində yerləşən yolayrıcı svetoforun yaşıl işığında daxil olduğu zaman, həmin kəşişmədə yerləşən piyada zolağı ilə yolun sağ kənar hissəsindən digər tərəfinə kəçən piyada qadın qucağında azyaşlı uşaq olmaqla piyadalar üçün nəzərdə tutulmuş svetoforun qırmızı işığında yolu keçərkən, o piyadanın anidən avtomobilimin qarşısına çıxdığını görüb dərhal avtomobilin əyləcinə təzyiq edib maşını tamam saxlamışdır. Həmin vaxt piyada ona yaxınlaşmış əli ilə maşının qabaq sol şüşəsini vurmuş və onu nalayiq sözlərlə təhqir etmişdir. O həmin qadına, svetoforun siqnallarına diqqət yetirməyini söyləyib, sonra isə avtomobili idarə etməklə yoluna davam etmişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı X3 polis bölməsinə onu avtomobillə vuraraq qaçmağı barədə şikayət ərizəsilə müraciət etmişdir. Onun şikayəti əsasında adiyyatı polis əməkdaşı onu polis bölməsinə dəvət edərək ondan izahat tələb etmişlər. Belə ki, o həmin vaxt ailəsi ilə birlikdə Sumqayıt şəhərindən kənarda Xaçmaz şəhərində olduğundan yalnız 2 gündən sonra ora yaxınlaşa biləcəyini söyləmişdir. Həmçinin həmin polis əməkdaşına heç bir qəza törətmədiyini, telefonda ona danışılan hadisə ilə bağlı əlaqədar olmadığını, əksinə bir xanımın onu təhqir etməsini bildirmişdir. Bu hadisənin nəticəsində Sumqayıt Şəhər Dövlət Yol Polis Şöbəsinin polis-polkovnik leytenant X7 tərəfindən İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-327,6. 328 və 330-cu maddələri ilə nəzərdə tutulan xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə olunmuşdur. Həmin protokol əsasında ******* № li, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar ləğv edilməlidir. İş üzrə Əsgərova Natavanın şikayəti əsasında toplanmış 1NK/1369 saylı təhqiqat materiallarının araşdırılması Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 icraatında olmuşdur. İş orada olarkən işin faktiki halları dərin araşdırılmış, hər ikisinin izahatları alınmışdır. Belə ki, cavabdehin iddiaçıya qarşı olan iddiaları əsassız olmuşdur, həmin iddialarını sübut edəcək heç bir dəlil təhqiqata təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda hər şey aydın şəkildə qeyd olunmuşdur. Buradan da görünür ki, ortada elə bir hadisə olmamışdır. Bütün bunlar cavabdehin ona atdığı şər, böhtandan başqa bir şey deyildir. Ona görə də qərar ləğv olunmalıdır. Bundan başqa o həmin cəriməni ödəmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə hazırkı işə qərarı qəbul etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Rüstəmov Cəmil Əmrah oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verdi şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Rüstəmov Cəmil Əmrah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.6. və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməyə görə 300 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Rüstəmov Cəmil Əmrah oğlu nun İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Rüstəmov Cəmil Əmrah oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 300 manat məbləğində cərimə olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Asanpay az” internet portalından çıxarışdan görünür ki, Rüstəmov Cəmil Əmrah oğluna İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş cərimə ödənilmişdir. İcraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2908/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İXM-in 53.1.7-ci maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materialları ilə müəyyən edilir ki, Rüstəmov Cəmil Əmrah oğlunun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokola əsasən sürücü Rüstəmov Cəmil Əmrah oğlu xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman piyada X2 vuraraq onun sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(060)-2908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Rüstəmov Cəmil Əmrah oğlu İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Həmin protokol üzrə Sumqayıt Şəhər Məhkəməsin ləğv edilməmiş qərarı olduğu halda Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən yenidən Rüstəmov Cəmil Əmrah oğlunun cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, həmin iş üzrə məhkəmə qərarı mövcud olduğu halda inzibati orqan tərəfindən yenidən inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsi qanuni hesabe dilə bilməz. Belə olan halda bu şəxsin bir inzibati xətaya dair iki dəfə məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, bu İXM-in 53.1.7-ci maddəsinə ziddir. İXM-də göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir (134.1.3.). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1.). Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin İXP seriyalı ******* №-li protokolu üzrə məhkəmə qərarı mövcud olduğu halda Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən eyni protokol üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edildiyindən həmin qərar ləğv edilməlidir. Şikayətçi öz şikayətində İXP seriyalı ******* №-li protokol üzrə ödədiyi cərimənin geri qaytarılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, həmin cərimə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən geri qaytarıla bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət qismən təmin olunsun. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-307/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-307/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver