Məhkəmə qərarları › İş №3(060)-3072/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3072/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3072/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və “Baxça şəhər” yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-6089 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 3178/22 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6126/22 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-6089 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 4915,94 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3178/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 3903,85 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6126/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 4579,67 manat məbləğində pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Borclu barəsində digər icra sənədləri mövcuddur. Sadəcə onlar kiçik məbləğ olduğuna görə onlarla bağlı məhkəməyə müraciət etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclunun ümumilikdə borcu 13400 manat təşkil edir. Eyni zamanda borclu icra idarəsinə öənişlərlə bağlı çağrılsada onun çağırışlarından yayınmışdır. Bu səbəbdən Şəxs barəsində axtarış qərarı çıxarılmış və polis əməkdaşları tərəfindən məcburi olaraq icra idarəsinə gətirilərək barəsində protokol tərtib edib məhkəməyə müraciət etmişdir. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 bildirmişdir ki, borclu barəsində təmsil etdiyi təşkilat üzrə üç icra sənədi mövcuddur ki, onların ikisi xırda məbləğ olduğu üçün onlara dair inzibati protokol tərtib olunmamışdır. Dəfələrlə borclu şəxsə borcun ödənilməsi barədə bildirilsə də, borclu şəxs qərəzli olaraq borcunu ödəməkdən boyun qaçırmışdır. Götürdüyü kredit üzrə bu günə qədər cəmi 100 manat ödəniş etmişdir. Bu səbəbdən protokolun təmin edilməsini və borclu şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, krediti işlədiyi dövrdə götürmüşdür. Sonradan işdən çıxarıldığı üçün maddi durumunda çətinlik yaranmış və icra sənədi üzrə qeyd olunan borcları ödəyə bilməmişdir. Hazırda həmin borcları tam ödəməyə maddi imkanı yol vermir. Belə ki, özü kirayə yaşayır, himayəsində 5 yaşlı övladı var. Bundan əlavə hazırda mülkiyyətində olan avtomobili satışa çıxarmış və avtomobil satılması üçün ona vaxt verilərsə o, satışdan əldə etdiyi məbləği borclarına ödəyəcəkdir. Bundan başqa o, kirayədə yaşadığı üçün ona icra məmurunun çağırışlarından xəbərsiz olmuşdur. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilmir. Qısa müddət ərzində borclu şəxsin yaranmış borcundan ödənişlər həyata keçirəcəyini və himayəsində azyaşlı övladının olmasını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-6089 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 4915,94 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 3178/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 3903,85 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6126/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs cəmi 4579,67 manat məbləğində pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2024-cü il tarixli qərarla bir icraatda birləşdirilərək icra sənədləri üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildirişlər Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsində verdiyi izahatlardan görünür ki, işləmədiyi üçün ödəniş etməyə maddi imkanının olmadığını bildirmişdir. Borclunun axtarışı haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən bir neçə dəfə axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İcra sənədləri üzrə icraata başlama barədə qərarlar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Lakin, borclu bu günədək icra sənədində göstərilən tələbi icra etməmiş, icra idarəsinə gəlməkdən yayınmış və axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Borclu həm icra idarəsində, həm də məhkəmə iclasında verdiyi izahatında borcundan hissə-hissə ödəniş edəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə indiyədək müəyyən ödənişlər etməsini, icra idarəsinə gəlməkdən yayınması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı övladının olmasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu vaxta müvafiq məbləğ hesablanaraq Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar