Məhkəmə qərarları › İş №3(060)-3077/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3077/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3077/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ COUNTY AVTOBUS” VAQON markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tələbə servisi ilə məşğul olmaqla vergi ödəyicisidir. O, xx.xx.2025-ci il tarixdə, saat 11:51 radələrində idarə etdiyi həmin sərnişin avtobusu ilə Azadlıq prospektində avtobus xəttində olarkən həmin ərazidə Təhlükəsiz Şəhər Kamerası onu radara salmış və bunun nəticəsində ona yenə də Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsinə əsasən 100 manat cərimə və 2 cərimə balı yazılmışdır. Halbuki, həmin vaxt bütün nəqliyyat vasitələrinə həmin ərazidə hərəkətə icazə verilmiş, orada avtomobillər hərəkətdə olmuşdur. Aşağıdakılara əsasən barəsində tərtib olunmuş elektron qərarı əsassız hesab edirək bildirmişdir ki, həmin ərəfədə Bakı şəhərində Formula-1 tədbirinin keçirilməsi ilə əlaqədar şəhərdə bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılmış və bununla bağlı kütləvi informasiya vasitələrində əhaliyə və sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülmüşdür. O da həmin alternativ yollardan istifadə etmişdir. O bununla əlaqədar 4 dəfə ayrı-ayrı vaxtlarda DİN-nin 102 xidmətinə zəng vurmuşdur və hər dəfə ona müraciətinin yönləndirildiyi bildirilmişdir. Həmçinin, o, E-polis xidmətinə də müraciət etmiş, hətta bu müddət ərzində Bakı şəhər X5 idarəsinin 505-ci otağına getmiş, orada ona ərizə yazdırmışlar. Lakin, heç birinin nəticəsi olmamışdır. Bu müddət ərzində də cərimənin məbləği artır. Həmçinin, oktyabr ayında 2 dəfə ərizə ilə cənab nazirə müraciət etsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikasının DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-51/2-59104/2025 saylı cavabdan görünür ki, guya həmin elektron qərarlar qanunvericiliyin tələblərinə uyğun olduğu üçün onun müraciətlərində göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır, ona görə də elektron qərarların ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bunu sübut etməyə borclu olan şəxslər isə istər əyani surətdə, istərsə də texniki vasitələrlə qayda pozuntusunu aşkar edərkən onu tam sübut etməyə borcludurlar. Polis əməkdaşları ona düz yazdığını bildirsələr də, rəsmi cavabda əksini qeyd edirlər və qərarı ləğv etmirlər. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilən faktlarda isə konkret olaraq hansı qayda pozuntusunun olması, bu pozuntunun nədən ibarət olması qeyd olunmur və həmçinin də şübhəlidir. Ona görə DİN BDYPİ tərəfindən barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət verən şəxs və qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərardan şikayət verən şəxsin və Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin EQ 30750997 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 11:51-də “HYUNDAİ COUNTY AVTOBUS” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-3077/2025 nömrəli qərarından görünür ki, X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin EQ 30750997 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş, həmin fotoşəkillərin DİN BDYP-nin kameraları vasitəsilə çəkilməsi müəyyən edilsə də, “HYUNDAİ COUNTY AVTOBUS” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi ilə bağlı pozuntunun müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Hazırki iş üzrə “HYUNDAİ COUNTY AVTOBUS” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün Azadlıq prospekti ərazisində müəyyən edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi qaydasını pozub-pozmamasının şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər vasitəsilə müəyyən etmək mümkün deyildir. Eyni zamanda, qərardan şikayət verən şəxs həmin ərazidə Formula 1 yarışları ilə əlaqədar olaraq digər sürücülər kimi alternativ yollardan istifadə etdiyini və 327.1-1-ci maddədə göstərilən pozuntunun onun tərəfindən törədilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (inzibati xəta haqqında protokol, foto, video görüntü və s.) təqdim edilməsi barədə Azərbaycan Respublikasının DİN BDYPİ-yə xx.xx.2025-ci il tarixdə sorğu versə də, sorğuya cavab verilməmiş, həmçinin məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamış, məhkəməyə inzibati xətanın mövcud olubolmamasına dair sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30750997 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda qeyd edilən xüsusatların araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30750997 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar