Məhkəmə qərarları › İş №3(060)-3078/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3078/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3078/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:45-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən saxlanılmış, sərxoş halda avtomaşını idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirmişdir ki, tərtib edilmiş protokolla razı deyildir. Həmin gecə polis əməkdaşı onu saxlamış, alkotesterlə yoxlayan zaman onda heç nə aşkarlanmamışdır. Həmin vaxt həyat yoldaşı avtomobildə olmuşdur. Həyat yoldaşı xəstə olduğundan onun həyəcanlanmasını istəməmiş, bu səbəbdən protokola imza etmişdir ki, avtomobili saxlamasınlar. Bundan sonra özü həkim müayinəsinə getmiş və onda sərxoşluq aşkar edilməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və müayinəyə göndərmək haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini sərxoşluq vəziyyətində idarə etdiyi tam sübuta yetirilir. İş materiallarında olan “müayinəyə göndərmək haqqında” protokoldan görünür ki, Şəxs protokola imza edərək qeyd etmişdir ki, yol polisi onu saxlamış, alkotesterlə yoxlamışdır, nəticə ilə razıdır, həkimə getməyə ehtiyac yoxdur. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 6500 saylı, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tbbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:50-də öz müraciəti əsasında müayinə edilmiş, onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37 maddəsinin 13-cü bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməsi mexaniki nəqliyyat vasitələrinin sürücülərinin vəzifəsidir. Həmin Qanunun 85-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında Qaydalarının 2.7-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə qeyd edir ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətində olması alkotester vasitəsilə müəyyən edilmiş, Şəxs qeyd olunan nəticə ilə razılaşmış və bu barədə protokola öz qeydində təsdiq etmişdir. Bundan bir saat sonra o, öz təşəbbüsi tibbi müayinədən keçmiş və alkoqol sərxoşluğu vəziyyətində olmaması ilə bağlı akt tərtib olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs hadisədən bir saat sonra müayinəyə getmişdir və bu zaman onun sərxoşluq vəziyyəti aradan qalxa bilərdi. Eyni zamanda onun hadisədən bir saat sonra sərxoş olmaması ilə bağlı akt təqdim etməsi yol polisi əməkdaşlarının onu saxladığı vaxtda onda alkoqol sərxoşluğu olmadığına dəlalət etmir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar