Məhkəmə qərarları › İş №3(060)-3079/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3079/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3079/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı Niyaməddin Həsənov tərəfindən Şəxs barəsində 15 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Chevrolet Aveo” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan sürücü Şəxs S.Vurğun küçəsində hərəkətdə olan zaman “Mercedess minik” markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olduğu vaxt əks istiqamətli yolda hərəkət axım olmadığından qarşısında olan avtomobili ötmə əməliyyatı həyata keçirib əks istiqamətli yola çıxan zaman orada Mercedes markalı avtomobilin sola dönmə əməliyyatı həyata keçirdiyini görüb avtomobili sola çəkərək əyləc pedalını bassa da aralarında məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və əks istiqamətli yolda Mercedes markalı avtomobil ilə toqquşmuşdur. O ötmə əməliyyatı həyata keçirən zaman Mercedes markalı avtomobilin sola manevr etdiyini 4-5 metr məsafədən görsə də hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı o boyun nahiyəsindən xəsarət aldığından Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə Şəxs “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası medalı ilə təltif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X2 NK-1/991 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, MTE və PA Birliyindən alınmış Şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyun bağlarının gərilməsi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törədilmişdir. Törənmə müddəti zərəçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmişdir. Bundan başqa həmin qərarda MTE və PA Birliyindən alınmış X3 hədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol oma-qalya oynağı kapsul bağlarının gərilməsi, sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmisin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət eldiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X2 NK- 1/991 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs “Vətən müharibəsi iştirakçısı” olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxs X4 izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar