Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3080/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 04 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə H.Zeynalabdin qəsəbəsi Xəzər dənizi sahili ərazisində Şəxs tərəfindən ov tüfəngi ilə qanunsuz ov fəaliyyəti ilə məşğul olunması və 12 ədəd qaşqaldaq ovlanması aşkar olunmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, protokolun tərtib olunmasına səbəb xx.xx.2024-cü il tarixdə Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər dənizi sahilində qanunsuz balıq ovu ilə bağlı reyd keçirilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Xəzər dənizi sahilində 12 ədəd qaşqaldaq quşunu xüsusi lisenziya olmadan ov silahı ilə ovladığı faktı aşkar olunmuşdur. Fakt aşkar olunan zaman Şəxs özünə və silahına dair sənədləri təqdim etmədiyinə görə akt tərtib olunmuş və inzibati qaydada araşdırma başlanılmışdır. Şəxs ünvanına bildiriş göndərilərək İdarəyə dəvət olunmuş, bildiriş xx.xx.2024-cü il tarixdə ona çatdırılmış, xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirak etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə müraciət edilmişdir. Şəxs əməkdaşlara tabesizlik göstərmiş və İdarəyə dəvət olunsa da, gəlməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, balıq ovu ilə məşğuldur və sənədləri də qaydasındadır. Balıq ovuna gedən zaman həmin ərazidə itlər olduğu üçün evdə ona məxsus olan silahını özü il aparmışdır. Avtomobilin qapısı bağlanmadığı üçün silahı yanında götürmüşdür. Həmin gün Ekologiya İdarəsinin əməkdaşları onun üzərinə hücum edərək silahını almaq istəmişlər. Ondan heç kim özünün və ya silahının sənədini tələb etməmişdir. Silah yanında olmuş, lakin həmin qaşqaldaqları o vurmamışdır. Sonra yaşadığı evə məktub gəlmiş, o da məktuba cavab olaraq qaşqaldaqların onun tərəfindən vurulmadığı barədə cavab məktubu göndərmişdir. Balıq ovu etmək üçün xüsusi icazəsi və silahın sənədləri mövcuddur. Ona yaxınlaşan şəxslər sənəd təqdim etmədikləri üçün silahın şəhadətnaməsini və balıq ovu xüsusi icazəni təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında 04 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində H.Zeynalabdin qəsəbəsi Xəzər dənizi sahili ərazisində Şəxs ov tüfəngi ilə qanunsuz ov fəaliyyəti ilə məşğul olmuş və 12 ədəd qaşqaldaq ovlamışdır. İş materiallarında olan 13 noyabr 2024-cü il tarixli 88095 nömrəli aktdan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 078/Ü saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixində saat 00.15 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi ərazisində Xəzər dənizi sahilində atəş səsləri eşidilmiş, həmin əraziyə yaxınlaşan zaman dənizin ləpədöyənində, qayalıqların arasında 2 nəfər şəxsin 1 silah olmaqla qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, əlində ov silahı olan şəxsin əvvəllər qanunsuz ov fəaliyyətinə görə inzibati məsuliyyətə cəlb edilən Şəxs olduğu müəyyən edilmiş, lakin o, özünə və ov silahına məxsus sənədləri təqdim etməkdən yayınmış, iştirakı ilə ovladığı 12 ədəd qaşqaldaq quşu özünün iştirakı ilə götürülmüş, özünə silahla xəsarət yetirəcəyini bildirərək hadisə yerindən uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdə 12 ədəd quşun (qaşqaldaq) ovlanması, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi geyimində olan əməkdaşları tərəfindən Şəxs üzərində olan ov silahını götürülməsinə cəhd edilməsi öz əksini tapır. Məhkəmə iclası zamanı Şəxs tərəfindən təqdim edilmiş, surəti iş materiallarına əlavə edilmiş 1209 nömrəli şəhadənamədən məlum olur ki, 12 kalibrli MR-155 markalı ********** nömrəli silah sonuncuya məxsusdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs məhkəmə iclası zamanı 13 noyabr 2024-cü il tarixində qanunsuz ov fəaliyyəti ilə məşğul olmaması barədə izahatı özünümüdafiə xarakterlidir. Həmin tarixdə tərtib olunmuş aktda atəş səslərinin eşidilməsi, orada ovlanmış quşların mövcudluğu, ov silahının məhz Şəxs üzərində olması barədə qeyd edilənlər, həmçinin hadisə zamanı çəkilən fotoşəkillər sonuncunun inzibati xətanı törətməkdə təqsirli bilinməsi üçün kifayətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Hazırkı iş üzrə də Şəxs balıq ovu ilə bağlı xüsusi icazəsinin olmasını bildirmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alır və hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavəsitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3080/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3080/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver