Məhkəmə qərarları › İş №3(060)-3089/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3089/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3089/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP6913061 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, TP6913061 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində, saat 18:00-19:00 radələrində Sülh və H.Əliyev küçələrinin yol ayrıcında, işıqforun yaşıl işığı gözləyib, yoluna dəvam etmişdir. YPX əməkdaşı Zeynalov **-EU-*** qeydiyyat nişanlı avtomobilini İXM-in 327.2 yəni, işıqforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsası ilə 100 azn və 3 bal cərimə tətbiq etmişdir. Onunla YPX əməkdaşı arasında fikir ayrılığı yaranmışdır. YPX avtomobilində olan görüntüyə baxmaq istədiyini bildirəndə, ona idarəyə gəlib baxarsan demişlər. Hər bir patrul avtomobilində səsi və görüntünü qeydə alan cihaz olmalıdır. İnzibati xəta aşkar edildikdə 2 fərqli və dövlət qeydiyyat nişanlı əks etdirən fotoşəkil və görüntü olmalıdır. Lakin, elektron ünvanına nə şəkil, nə də videgörüntü göndərilməyib. Ümumiyyətcə həmin kəsişmədə təhlükəsizlik adacığı düzgün boyanmayıb. Tıxacı aradan qaldırmaq üçün adacığın ortasından sola dönmək üçün 2 xətt əlavə olunub. Amma işıqforda dönmək üçün vaxt saniyəsi artırılmayıb. Yəni müşahidə etdikdə, 10 saniyə olduğu görüləcək. Bu saniyə ərzində 2 cərgə avtomobilin eyni vaxtda sola dönməsi qeyri-mümkündür. Köhnə təhlükəsizlik adacığı yerindəcə qalıb, pozulmayıb. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Təzə yaradılan cərgə işıqfordan qabaq yol nişanı ilə məlumatlandırılmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayətinə uyğun izahat verərək, izahatında Sülh və H.Əliyev küçələrinin yol ayrıcında yol hərəkəti qaydasının düzgün qurulmadığını, yerdə nişanlanma xətlərinin qanuna müvafiq qaydada çəkilmədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, onun tərəfindən yol hərəkəti qaydasını pozmasına dair videogörüntü və ya hər hansı sübut olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində saat 18:26-da Sülh-H.Əliyev küçələrinin kəsişməsində “Opel Zafira” minik markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsası ilə İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında ki, X3 yol nişanlarının tələblərini pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP6913061 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin ki, X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP6913061 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyi üçün ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP6913061 nömrəli qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, TP6913061 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar