Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-309/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi daxil olmuş materiala baxaraq müəyyən etdim: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 aprel 2022-ci il tarixli AP ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda tərtib edilmiş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmuş vəziyyətdə dərhal baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, protokol və digər sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi üzrə baxılan işlərdə səlahiyyətli orqanlar tərəfindən inzibati xəta törətmiş şəxslərin narkomaniyadan müalicəyə ehtiyaclarının olub-olmaması barədə rəyləri mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinin tələblərinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilməli və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1441/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(060)-2906/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(060)- 3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin məhkəmə qərardadı ilə inzibati xəta haqqında materialların geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırılmadan, qeyd olunan göstərişlər icra olunmadan yenidən həmin material baxılması üçün məhkəməyə göndərilmişdir. Xüsusi olaraq vurğulanır ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli AP ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-309/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-309/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver