Məhkəmə qərarları › İş №3(060)-310/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-310/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-310/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Ömər Xəyyam 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6907/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs üzrlü səbəblər olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Aqil Məmmədov izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 50000 manat borc və ödənilmiş 240 manat dövlət rüsumu olmaqla, ümumilikdə 50240 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu tərəfindən 16 may 2023-cü il tarixdə 28000 manat ödəniş edilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən borclu qalan məbləği 2023-cü ilin noyabr ayının sonunadək ödəməli olsa da, heç bir ödəniş etməmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş, buna görə də Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən borclu barəsində qanunamüvafiq qərar edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Aqil Məmmədov bildirmişdir ki, borclu vaxtı-vaxtında çağırışlara gəlir. Tərəfindən borclunun bank hesabları barədə araşdırma aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Qeyd olunan icra sənədindən əlavə icraatında Şəxs barəsində iki icra sənədi vardır ki, həmin icra sənədlərindən birində tələbkar "xxxx" ASC-dir. Şəxs "xxxx" ASC-də hər hansı hesabı və həmin hesabda pulu olsa idi, həmin hesabdan "xxxx" ASC-nin xeyrinə pul tutulmuş olardı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin sözügedən icra vərəqəsinə əsasən onun Zərərçəkmiş şəxs 50240 manat borcu olmuş, 16 may 2023-cü il tarixdə 28000 manat nağd şəkildə müliyyətində olan əmlakı satmaqla ödəniş etmiş, qalan məbləği ödəməmişdir. O, ötən müddət ərzində borcun hissəhissə ödənilməsi ilə bağlı imkan yaradılması üçün tələbkara müraciət etsə də, razılıq əldə olunmamışdır. O, əvvəllər DSX-də çalışmış, İİ qrup əlil olmuşdur. Lakin 2022-ci ildə əlilliyi ləğv edilməklə pensiyası kəsilmişdir. Buna baxmayaraq Tibbi Sosial Ekspert Komissiyasına yenidən ona əlillik dərəcəsi verilməsi üçün müraciət etmişdir. O, ünvan 1 ünvanında qeydiyyatda olsa da hazırda Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Ömər Xəyyam 3 ünvanında yaşayır. Hazırda yaşadığı ünvan əvvəl Abşeron rayonu ərazisi olmuş, lakin ərazi sərhədlərinin dəyişdirlməsi barədə son qərara əsasən yaşadığı həmin ünvan Sumqayıt şəhərinin yurisdiksiyasına aid edilmişdir. O, uzun müddət həmin torpaq sahəsinin sənədləşmə işi ilə məşğul olmuş, lakin son dəyişiklikdən sonra sənədləşmə işlərinin aparılması dayandırılmışdır. O, hazırda yaşadığı ev və torpaq sahəsini sənədləşdirib, uyğun qiymətə sataraq tələbkarın pulunu ödəyəcəkdir. Qeydiyyatda olduğu ünvan 1 saylı evin AFB Bankda ipotekada olduğu, aylıq 274 manat ödəniş etdiyini qeyd edir. Əməlindən peşmandır, növbəti həftədən hissə-hissə ödəniş edə bilər. O, onkoloji xəstədir, 3 ildir ki, Türkiyə respublikasına müalicə almaq üçün gedib gəlir. Beynində şiş vardır. Qeyd olunanların nəzərə alınmasını, ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şəxs bildirmişdir ki, o, üç ay ərzində yaşadığı ünvanda kafe işlətmiş, sonuncu dəfə yaşadığı evin qarşısında “Asif market” adlı obyekti icarə əsasında işlətmişdir. Lakin həmin obyekt yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyindən fəaliyyəti dayandırılmışdır. Onun əvvəl "xxxx" ASC-nin Sumqayıt filialında hesabı olmuş, hal-hazırda həm bank hesabını, həm də VÖEN-i bağlatdırmışdır. Həqiqətən də "xxxx" ASC-ə borcu var, aybaay ödənişlər edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin sözügedən icra vərəqəsinə əsasən Şəxs ona 50240 manat borcu olmuş, 16 may 2023-cü il tarixdə 28000 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Aralarında olan razılığa görə borclu bütün borcu 2023-cü ilin noyabr ayının sonundək ödəməli olsa da heç bir ödəniş etməmişdir. Hissə-hissə ödəniş olunması ilə bağlı bir il öncə aralarında danışıq olmuş, lakin heç bir nəticəsi olmamışdır. O, şəhid övladıdır, atası X1 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Atasının adına Bakı şəhəri, Xətai rayonunda 200 nömrəli məktəb vardır. Evlərinin önündə Ulu Öndərin göstərişi ilə atasının büstü ucaldılmışdır. Borcludan şikayətçidir, borcunun tam olaraq ödənilməsini tələb edir, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şəxs icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Şəxs icra sənədi üzrə tələbin 25000 manatının 2023-cü ilin may ayının 15-dək ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə 28000 manat pulu Şəxs nağd şəkildə almışdır. xx.xx.2023-cü il tarixli İltizamdan görünür ki, Şəxs 12000 manat pulu noyabr ayına qədər ödəyəcəyinə söz vermiş, əks halda inzibati və cinayət məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 12000 manat qalıq borcun noyabr ayınnın sonunadək ödəməsi üçün Şəxs vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 15 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışda Şəxs ********** nömrəli VÖEN hesabı olduğu məlum olsa da, sonuncu son zamanlarda heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, 7-8 aydır ki, VÖEN-i bağladığını bildirmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışda Şəxs "xxxx" ASCnin Sumqayıt filialında hesabı olduğu məlum olsa da, icra məmuru A.Məmmədov icraatında "xxxx" ASC-nin tələbkar qismində, Şəxs isə borclu qismində keçdiyi icra sənədinin olduğunu, "xxxx" ASC-də hər hansı hesabı və həmin hesabda pulun olduğu təqdirdə həmin hesabdan "xxxx" ASC-nin xeyrinə pulun tutula biləcəyini, lakin heç bir məbləğin tutulmadığını bildirmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, borclu Şəxs "xxxx" ASC-ə ödənilməmiş 2479.35 manat borcu vardır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzri küçəsi,16 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməməkjlə qalıq 22000 manat borcu qanunla müəyyən edilmiş vaxtda üzrlü səbəb olmadan ödəməmişdir. “İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Aqil Məmmədov ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun verilmiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olmasını, qadın olmasını, qətnamə üzrə borcundan əhəmiyyətli hissəni bir dəfəyə nağd olaraq ödəməsini, himayəsində iki uşağının olmasını, xəstəliyini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Əməli ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanunun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar