Məhkəmə qərarları › İş №3(060)-3101/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3101/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3101/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X2 iştirakı ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6564/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay üç uşağa görə cəmi 360 manat sabit məbləğdə aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Lakin borclu yığılmış 4350 manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyev məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6564/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit məbləğdə aliment Şəxs tutularaq X2 xeyrinə ödənilməlidir. Lakin borclu yığılmış 4350 manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin icra sənədinə əsasən onun X6 yığılmış 4350 manat məbləğində borcu vardır. Hazırda o tələbkarla mövcud olan borcundan dekabr ayının 15-nə qədər 1000 manat və yanvar ayından etibarən hər ay 360 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X3 bildirdi ki, Şəxs ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra icra sənədinə əsasən 4350 manat aliment borcu vardır. Hazırda aralarında olan razılığa əsasən borclu ona mövcud olan borcundan dekabr ayının 15-nə qədər 1000 manat və yanvar ayından etibarən hər ay 360 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Ona görə də, Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6564/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4350 manat borcu vardır. Borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, borcundan dekabr ayının 15-nə qədər 1000 manat və yanvar ayından etibarən hər ay 360 manat ödəyəcəyini bildirmişdir. Lakin icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmadan, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar