Məhkəmə qərarları › İş №3(060)-3101/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3101/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3101/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikasının Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 iştirakları ilə, Azərbaycan Respublikasının Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində və 2 bal cərimə olunmuşdur. Qeyd olunan yer Sumqayıt-Bakı yolunun 29-cu kilometrində 5.12, 5.13 yol nişanları olmadığı təqdirdə 346.2-ci maddəsi ilə cərimələnmişdir. İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə hadisə baş verən ərazidə avtomobilinə sərnişin götürüb getmək istəmişdir. Bu zaman yol polisi əməkdaşı tərəfindən saxlanılmış və cərimə edilmişdir. O, həmin yerin avtobus dayanacağı olmasınına dair heç bir nişanın olmadığını bildirmişdir. Məhkəmədən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikasının Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X3 idarə etdiyi HONDA İNSİGHT (HİBRİD) minik markalı nəqliyyat vasitəsini dayanacağın yaxınlığında saxladığından, ona avtomobilini sürməsi barədə xəbərdarlıq edilmiş, lakin, xəbərdarlıqdan sonra o, avtomobili bir qədər irəlidə saxlamışdır. Bundan sonra, onun tərəfindən X.Abdullayevə yaxınlaşdıqda o, benzin pulu üçün sərnişin götürmək istədiyini bildirmişdir. Qeyd edilən hal video görüntülərdə də əks edilmişdir. Məhkəmədən tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 18:39-da Sumqayıt yolu, 29-cu kilometr ərazisində “HONDA İNSİGHT(HİBRİD) MİNİK ” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən təqdim edilmiş video görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X1 xx.xx.2025-ci il tarixdə saat 18:39-da Sumqayıt yolu, 29-cu kilometr ərazisində idarə etdiyi “HONDA İNSİGHT (HİBRİD) MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasının yaxınlığında saxlamış və yol polisi əməkdaşının ona xəbərdarlığından sonra avtomobili bir qədər irəli sürərək yenidən durmuşdur. Bundan sonra yol polisi əməkdaşının həmin sürücüyə saxla əmri verməsi və X.Abdullayevin avtomobildən düşərək polis əməkdaşına “həmin ərazidə avtomobili saxlamalı olmamasını və benzin pulu üçün sərnişin götürmək istədiyini bildirməsi” müşahidə olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasında, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin durması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar