Məhkəmə qərarları › İş №3(060)-3106/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3106/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3106/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X2, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə 16109 ABŞ dolları borcu tələbkar "xxxx" ASC-yə üzürsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi xx.xx.2016-ci il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borclunun ünvanına bildiriş göndərilmişdir. Tələbkar tərəfindən icra sənədinin icra olunması ilə bağlı İcra İdarəsinə müraciət edilməmişdir. Ona görə də, borclu barəsində tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən məktub daxil olduqdan sonra icra hərəkətləri təzələnmiş, borclunun özü və mübahisə predmeti olan avtomobil axtarışa verilmiş, borclu barəsində Polis İdarəsində axtarış işi açılmış, eyni zamanda Sumqayıt Regional Texniki Baxış Şöbəsinin məktubu əsasında sözü gedən **- CK-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilin üzərində sərəncam hüquqlarına həbs qoyulmuşdur. Borclu bu gün polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmiş, ona qərar və bildiriş elan olunmuş, barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddədi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı izah edilmiş, izahatı alınmış, bankın nümayəndəsinin şifahi bildirməsinə görə borclu heç bir ödəniş etməmiş, borclu izahatında da borcunu ödəyə bilməyəcəyini göstərmiş və barəsində protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, borcdan xəbəri olmamış, Polis İdarəsindən çağırılmış, Polis İdarəsinə olan zaman İcra İdarəsi tərəfindən axtarılması və banka borcu olmasını bilmişlər. Bundan sonra banka yaxınlaşmış, barəsində 16000 ABŞ dolları məbləğində borcunun olması ilə bağlı məhkəmə qətnaməsi olduğunu dedikdə, hər hansı məbləğdə bankdan pul götürmədiyini bildirmişdir. Məhkəmə baxışından və qətnamənin olmasından xəbəri olmamış, nəinki avtomobili, sürücülük vəsiqəsi belə yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, sənədlərdən çıxış edərək qeyd olunan kredit müqaviləsində borclu Şəxs imzası var və özü də təsdir edir ki, imzalar onun tərəfindən çəkilmişdir. Eyni zamanda kredit reyestrinə müraciətlə bağlı məktublarda da və ipoteka müqaviləsində də borclunun imzası vardır. Bu sənədlər əsasında məhkəmə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin icra müddəti 30 ildir. Bank borcludan borcu tələb edir. Məhkəmə qətnaməsindən sonra heç bir ödəniş edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədikdə İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. Borclunun məhkəmə baxışı zamanı verdiyi izahatından və iş materiallarından da görünür ki, borclu məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə qətnaməsindən xəbəri olmamış, icra məmuru tərəfindən ona rəsmi bildiriş göndərilməmişdir. Qanunvericiliyin tələbinə əsasən hər bir şəxsin barəsində çıxarılan qərardan şikayət vermə hüququ vardır. Borcluya qətnamə təqdim edilməmişdir. Hesab edir ki, hazırda borclunun əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, inzibati xəta haqqında icraata xitam verilməlidir. Şəxsə məhkəmədən həmin qətnaməni əldə etməsi və qətnamədən şikayət vermək üçün şərait yaradılmalıdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs milli manat ekvivalentində 13.934 ABŞ dolları əsas, 2.075 ABŞ dolları faiz, 100 ABŞ cərimə (dəbbə pulu), cəmi 16.109 ABŞ dolları borcun, və məhkəməyə iddia ərizəsi vermək üçün ödənilmiş 30 manatdan - 27 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb cavabdeh Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli borclunun (onun əmlakının) axtarılması haqqında qərardan görünür ki, Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilmiş və icra edilməsi üçün DİN BDYPİ-yə göndərilmişdir. İş materiallarında olan DİN BDYPİ-dən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə komputer bazasına əsasən həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun (onun əmlakının) axtarılması haqqında qərardan görünür ki, Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilmiş və icra edilməsi üçün DİN BDYPİ-yə göndərilmişdir. İş materiallarında olan DİN BDYPİ-dən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə komputer bazasına əsasən həbs qoyulmuşdur. İş materiallarında olan DİN BDYPİ-dən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında "TOYOTA CAMRY" markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, qeyd olunan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi üçün müvafiq məhkəmə qərardadı DİN Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında Şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi olsa da, o, məhkəmə iclaslarında iştirak etməmiş və bu qətnamənin mövcud olmasından xəbəri olmamışdır. İş materialları araşdırılan zaman görünür ki, borclu Şəxs qeydiyyat ünvanı ünvan 4llarında borcluya bildiriş göndərilməsi barədə məktub əlavə edilsə də, həmin bildirişin borcluya çatdırılması barədə sübut əlavə edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilmiş və icra edilməsi üçün DİN BDYPİ-yə göndərilmiş, lakin qeyd olunan nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi üçün müvafiq məhkəmə qərardadı DİN Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10890/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən də görünür ki, cavabdeh Şəxs milli manat ekvivalentində 13.934 ABŞ dolları əsas, 2.075 ABŞ dolları faiz, 100 ABŞ cərimə (dəbbə pulu), cəmi 16.109 ABŞ dolları borcun, və məhkəməyə iddia ərizəsi vermək üçün ödənilmiş 30 manatdan - 27 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb cavabdeh Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməlidir. Bu onu göstərir ki, qanunvericiliyin tələbinə əsasən tələb ilk növbədə Şəxs məxsus “Toyota Camry” markalı, **-CK-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, əgər avtomobilin satışından əldə olunmuş vəsait məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcu tam ödəməzsə, onda tələb borcluya və ya onun digər əmlakına yönəldilə bilər. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar