Məhkəmə qərarları › İş №3(060)-311/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-311/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-311/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1, müdafiəçi Sumqayıt Regional Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, natamam ali təhsilli, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 28 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 22 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamış və PB-nə getməkdən imtina etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X2 oğlu tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları Sumqayıt şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Chevrolet Cruse” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik olduğu üçün saxlamışlar və qayda pozuntusu sürücüyə izah edilmişdir. Həmin vaxt saxlanılmış “Chevrolet Cruse” markalı avtomobildə sərnişin qismində əyləşmiş Şəxs polis əməkdaşlarının qanuni fəaliyyətlərini həyata keçirməyə maneçilik törətməyə başlamışdır. Belə ki, avtomobildə konstruksiya dəyişikliyi ilə bağlı cərimə meydançasına aparılacağı sürücüyə bildirilən zaman sənişin Şəxs buna imkan verməyəcəyini bildirməklə polis əməkdaşlarının üzərinə gəlmiş, sürücüdən avtomolbilin qapılarını bağlamasını tələb etmiş və avtomobilin cərimə meydançasına aparılmasına maneçilik törətmişdir. Dəfərlərlə nizam intizama dəvət edilməsinə baxmayaraq Şəxs öz əməllərini davam etdirdiyi üçün əraziyə PPX əməkdaşları dəvət edilmiş, bundan sonra Şəxs polis bölməsinə dəvət edilsə də, yenə də tabesizlik göstərərək getmək istəməmişdir. Polis əməkdaşlarının səyi nəticəsində Şəxs 4-cü PB-nə gətirmək mümkün olmuşdur. Bölməyə gətirildikdən sonra araşdırma zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs verdiyi izhatında öz əməlini etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Chevrolet Cruse” markalı **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun qardaşıdır. Hadisə zamanı müdaxilə etməsinin səbəbi işi yerində həll etmək istəyi olmuşdur. Belə ki, avtomobilin cərimə meydançasına aparılmasını istəməmişdir. Polis əməkdaşlarına etirazlar edərək avtomobilin aparılmasına maneçilik törətsə də onların ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Bundan sonra əraziyə PPX əməkdaşları gələrək onu PB-nə dəvət etmişlər. O, əvvəl getmək istəməsə də, sonradan PB-nə getmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcək. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Chevrolet Cruse” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik olduğu üçün saxlamışlar və qayda pozuntusu sürücüyə izah edilmişdir. Həmin vaxt saxlanılmış “Chevrolet Cruse” markalı avtomobildə sərnişin qismində əyləşmiş Şəxs onların qanuni fəaliyyətlərini həyata keçirməyə maneçilik törətməyə başlamışdır. Belə ki, avtomobildə konstruksiya dəyişikliyi ilə bağlı cərimə meydançasına aparılacağı sürücüyə bildirilən zaman sənişin Şəxs buna imkan verməyəcəyini bildirməklə onun üzərinə gəlmiş, sürücüdən avtomolbilin qapılarını bağlamasını tələb etmiş və avtomobilin cərimə meydançasına aparılmasına maneçilik törətmişdir. Dəfərlərlə nizam intizama dəvət edilməsinə baxmayaraq Şəxs öz əməllərini davam etdirdiyi üçün əraziyə PPX əməkdaşları dəvət etmişlər, bundan sonra Şəxs polis bölməsinə dəvət edilsə də, yenə də tabesizlik göstərərək getmək istəməmişdir. PPX əməkdaşlarının səyi nəticəsində Şəxs 4-cü PB-nə gətirmək mümkün olmuşdur. Hətta yolda Şəxs avtomobili saxlatdıraraq təkrar onların fəaliyyətinə maneçilik törətmişdir. Baş vermiş hadisənin video görüntüləri də mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX əməkdaşı X5 izhatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:05 radələrində ərazidə xidmətdə olarkən YPX əməkdaşları kömək məqsədi ilə Sumqayıt şəhəri, H.Əliyev prospekti 34-cü məhəllədə yerləşən Ceyran şadlıq sarayının qarşısına yaxınlaşmalarını bildirmişlər. Müraciət üzrə əraziyə yaxınlaşdıqda bir nəfər şəxsin YPX əməkdaşlarının işinə maneçilik törətməsini müəyyən etmişlər. Həmin şəxsi bölməyə dəvət etsələr də tabesizlik edərək gəlmək istəməmişdir. Lakin, onların səyi nəticəsində şəxsi 4-cü PB-nə gətirmək mümkün olmuşdur. PB-də həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan rapotrlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində Şəxs YPX əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törətmiş, həmçinin onların qanuni tələblərinə əməl etməmişdir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, YPX əməkdaşları tərəfindən saxlanılmış “Chevrolet Cruse” markalı avtomobildə sərnişin qismində əyləşmiş şəxs YPX əməkdaşları ilə mübahisə edərək avtomobilin cərimə meydançasına aparılmasına etriaz edir, həmçinin avtomobilin cərimə meydançasına aparılmasına maneçilik törədir. Həmin vaxt polis əməkdaşları həmin sərnişindən maneçilik törətməməsini və sürücü ilə olan dialoqa müdaxilə etməmələrini tələb etsələr də sərnişin bu əhəmiyyət vermir, avtomobilin sürücüsü də sərnişini sakitləşdirməyə çalışır. Daha sonra əraziyə PPX əməkdaşları gəlir və uzun müddət ərazidə YPX əməkdaşlarının fəaliyyətinə sərnişin tərəfindən maneçilik törədilir. Ərazidən uzaqlaşdıqdan sonra da yolda avtomoillər təkrar dayanır, dayanma zamanı da həmin sərnişin polis əməkdaşları ilə mübahisə edərək avtomobilin cərimə meydançasına aparılmasına müneçilik törəməyə çalışır. Görüntülərdə olan həmin sərnişinin Şəxs olması müəyyən edilir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinə protokloundan ki, Şəxs həmin tarixdə saat 23:45-də orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur (1,048 promilli). İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu xx.xx.2024-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, təqdim edilmiş video görüntülərə baxaraq və inzibati materiallara əlavə olunmuş digər sənədlərə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədərkən sərxoş olmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli onun inzibati qaydada tutulğu vaxtdan, yəni 28 yanvar 2024-cü ildən, saat 23:50-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X6 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu 28 yanvar 2024-cü il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar