Məhkəmə qərarları › İş №3(060)-3112/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3112/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3112/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Novxanı qəsəbəsində fərdi evdə yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 22 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 29.08.2021-ci il tarixə keçən gecə ərzində vətəndaş Şəxs ünvan 3 ünvanına daxil olaraq vətəndaş Ceyhun Qədimova məxsus 1 ədəd samovarı oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, 29.08.2021-ci il tarixə keçən gecə ərzində ünvan 3 ünvanına daxil olaraq vətəndaş Ceyhun Qədimova məxsus 1 ədəd samovarı oğurlamışdır. Samovarı oğurladığdan sonra onu əzib yararsız hala salaraq Sumqayıt şəhəri, 9-cu mikrorayonda tanımadığı bir şəxsə 27,00 manata satmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanı ödəməyə imkanı olmadığını bildirərək, ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 29.08.2021-ci il tarixə keçən gecə ərzində vətəndaş Şəxs ünvan 4 ünvanına daxil olaraq ona məxsus 1 ədəd samovarı oğurlamışdır. O, iş fəaliyyəti ilə bağlı rayonlara gedib gəldiyindən samovarın oğurlanmasından məlumatı olmamışdır. Bu səbəbdən də samovarın oğurlanmasından gec məlumatı olmuşdur. Hazırda ona vurulmuş 95 manat maddi zərər ödənilmədiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilini, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 12:45-dən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar