Məhkəmə qərarları › İş №3(060)-3113/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3113/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3113/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Kamran Əlişanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.1-ci maddəsi ilə, 23 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AF 710994 saylı sürücülük vəsiqəsi ilə **-KZ-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074 inik” markalı avtomobili idarə edən xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində saxlanılan zaman həkim müayinəsinə aparılmış, həkim müayinəsi zamanı “6186” saylı akta əsasən alkoqol sərxoşluq faktı aşkar edilmişdir. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsuz “Vaz 21074 inik minik” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili AF 710994 saylı sürücülük vəsiqəsi ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə edən zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Ondan spitli içki qəbul edib etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra yol patrul xidməti əməkdaşları ona həkim müayinəsindən keçməli olduğunu bildirmişlər. Onlarla birlikdə həkim müayinəsindən keçmək üçün getmiş və müayinə zamanı onun sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən olunmuşdur. Müayinədən təxminən 2 saat 20 dəqiqədən sonra təkrar müayinə üçün Bakı şəhərinə gedib oradan sərxoş olub olmaması haqqında həkim müayinəsindən keçmişdir. Həmin müayinədə onun sərxoş olmadığı qeyd edilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə ictraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6186 №li 23 avqust 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (23 avqust 2021-ci il saat 09:30) 0,36% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin aktın özündə Şəxs öz xətti ilə yazıb imza ataraq qeyd etmişdir ki, 1 bakal piyvə içmişdir. İş materiallarından görünür ki, Şəxs məxsus AF 710994 saylı sürücülük vəsiqəsi 13.07.2020-ci ildən 13.07.2030-cu ilədək etibarlıdır. Məhkəmə iclasında Şəxs 2/24106 №-li 23 avqusut 2021-ci il, saat 11:50-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını məhkəməyə təqdim etmişdir. Həmin aktda Şəxs sərxoşluq vəziyyəti olmadığı qeyd olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, Şəxs 23 avqust 2021-ci il tarixdə saat 09:30-da müayinədən keçirilən zaman onda alkoqol sərxoşluğu müəyyən olunmuş, həmin gün 2 saatdan 20 dəqiqədən sonra Bakı şəhərində təkrar müayinədən keçərkən onda sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Məhkəmə bu məsələ ilə bağlı Azərbaycan Respublikasını Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli 209 saylı qərarının 3.6-cı bəndinə istinad edir. Həmin Qərarın 3.6-cı bəndində qeyd olunur ki, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinənin keçirən tibb müəssəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Məhkəmə iclası zamanı Şəxs təkrar müayinədən keçməsi üçün yazılı ərizə təqdim etməsi müəyyən olunmamışdır. Buna görə də məhkəmə 2/24106 №-li 23 avqusut 2021-ci il, saat 11:50-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını Şəxs barəsində olan İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün tutarlı sübut hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar