Məhkəmə qərarları › İş №3(060)-3123/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3123/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3123/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs Ruhullayev Xəyyam Mehdi oğlunun, Sumqayıt Şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Ruhullayev Xəyyam Mehdi oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ruhullayev Xəyyam Mehdi oğlu Sumqayıt Şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Ruhullayev Xəyyam Mehdi oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 15-ci bəndinə uyğun olaraq Sumqayıt şəhərində Üzeyir Hacıbəyov küçəsində dairəyə daxil olarkən qanuna uyğun olaraq dairəyə yaxınlaşan nəqliyyat vasitələrinə yol vermək üçün dayanmışdır. Yolun hərəkət hissəsi bir neçə hissədən ibarət olduğu üçün onun sol tərəfində ağ rəngli Toyota Land-Cruiser Prado markalı nəqliyyat vasitəsi dayanmışdır. Dairədə hərəkətdə olan bir neçə avtomobilə yol verdikdən sonra qəflətən ağ rəngli Prado markalı avtomobil yerindən tərpənmişdir. Bu anda dairəyə daxil olan Range Rover markalı avtomobil Pradonun ona yol vermədiyi üçün cəzanın qarşısını alaraq məcbur avtomobilini dayandırmış və ona işarə edərək hərəkətini davam etdirməyi bildirmişdir. O, hərəkətini davam etdirdikdə DYP əməkdaşı xidməti avtomobili ilə (**-YP-***) onu saxlayaraq İXP7581106 nömrəli protokol tərtib etmişdir. Məhkəmədən tərtib olunan protokol və çıxarılan qərarın ləğv olunmasını, əks halda İXM-nin 60-cı maddəsinə əsasən onun iştirakı ilə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Ruhullayev Xəyyam Mehdi oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri, Heydər park ərazisindən keçdikdən sonra Üzeyir Hacıbəyov küçəsində “Araz marketin” yaxınlığında digər avtomobillərlə dayanmışdır. Həmin vaxt DYP avtomobilinin onun arxasında olduğunu idi. O, digər avtomobillər ilə dairəvi yolda gözləyərkən Prado markalı avtomobil yol verməli olduğu halda birinci keçmiş və Prado onun qarşısında olduğu üçün o, yolu görməmişdir. Yol polisi əməkdaşı Pradonun da qaydanı pozduğunu bildirsə də, yalnız onun barəsində protokol tərtib etmişdir. Məhkəmədən şikayətin təmin edilməsini, barəsində olan xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, qərarından şikayət verilmiş şəxs inzibati xətanın qeydə alındığı videonu məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Ruhullayev Xəyyam Mehdi oğlu xx.xx.2025-ci il tarixdə, saat 18:56da Sumqayıt şəhəri, məhəllə 76, 172A ərazisində “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı qərar qəbul etmiş şəxs Sumqayıt Şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, məhəllə 76, 172a ərazisində yolayrıcında sol tərəfdən gələn “RANGE ROVER” markalı avtomobilə yol vermədən yolayrıcına daxil olmuş və nəticədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 15-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bundan başqa, şikayət verən şəxs Ruhullayev Xəyyam Mehdi oğlunun təqdim etdiyi görüntülərdə də ilkin olaraq ondan solda dayanan “Toyota Land-Cruiser Prado” markalı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozaraq hərəkət etməsi, daha sonra isə onun idarə etdiyi “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sol tərəfdən dairəvi yolda hərəkət edən “RANGE ROVER” markalı avtomobilə yol vermədən yolayrıcına daxil olması müşahidə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ruhullayev Xəyyam Mehdi oğlu xx.xx.2025-ci il tarixdə, saat 18:56-da Sumqayıt şəhəri, məhəllə 76, 172A ərazisində “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD MİNİK” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozulmuşdur. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X1 Mehdi oğlu şikayətində və izahatında “Toyota Land-Cruiser Prado” markalı nəqliyyat vasitəsinin onun qarşısını kəsməsini, “RANGE ROVER” markalı avtomobili görmədiyini bildirsə də, qeyd edilən hal onun inzibati məsuliyyətdən yayınmasına əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Ruhullayev Xəyyam Mehdi oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ruhullayev Xəyyam Mehdi oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar