Məhkəmə qərarları › İş №3(060)-3127/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3127/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3127/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Kənan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə, Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, səyyar kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi Kənan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri, Avtovağzal yaxınlığında səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi Kənan Məmmədov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Masallı rayonu, Yeddioymaq kəndində yaşayan Şəxs və X5 avtovağzal ərazisində səyyar kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul idilər. Bu zaman onlar avtopatrul ilə onların hər ikisinə yaxınlaşaraq əməllərinin inzibati xəta olmasını izah etdilər. Şəxs əsəbiləşdiyi üçün ucadan kobud ifadələr işlətdi. Buna görə də barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Post Patrul Xidmətinin təqdim etdiyi raporta əsasən onların ictimai qaydanı pozduğu görünür. Məhkəmədən Şəxs əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü izahatında göstərmişdir ki, əməlindən peşmandır. 23 noyabr tarixində saat 2-in yarısı bacısı ilə birgə Sumqayıt şəhərinə gəlmiş, avtovağzal ərazisində kənd təsərrüfatı məhsullarını sifariş edən müştərilərə təqdim etmək üçün gözləyərkən iki nəfər polis əməkdaşı yaxınlaşmışdır. Bundan sonra, o, bacısının əsəbləşdiyini görüb uca səslə “imkan verin, işimizi görək də” söyləmişdir. Lakin, o, heç kəsə qarşı nalayiq ifadə işlətməmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazisində “Çinar-5”-in göstərişinə əsasən avtovağzal yaxınlığında 2 nəfər şəxsin “Ford” markalı avtomobillə kənd təsərrüfatı məhsullarını satdıqlarını aşkar etmişlər. Bundan sonra həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onların əməllərində inzibati xəta olduğunu bildirmişlər. Lakin, onlar ucadan kobud ifadələr işlətmişlər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxs onlara “bezdirmisiz” söyləmişdir. Onlar nizam-intizama dəvət olunmuş, daha sonra isə ərazi üzrə 4-cü Polis Bölməsinə gətirilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatından görünür ki, həmin tarixdə postaçı yoldaşı X2 ilə birgə 9/36 çağırışlı avtopatrulda xidmət edərkən Çinarın göstərişi ilə avtovağzal ərazisinə getdilər. Orada “Ford” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər şəxsin kənd təsərrüfatı maları satdığını görüb onlara inzibati xəta olduğunu izah etdilər. Həmin şəxslərdən biri Sevgi adlı xanım onların qanuni tələblərinə riayət etməyərək satışı davam etdirirdi. Bu zaman onun qardaşı Elçin ucadan kobud ifadələr işlədərək ictimai qaydanı pozdu. Daha sonra onları nizam-intizama dəvət etdilər. X1 xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatından görünür ki, həmin tarixdə postaçı yoldaşı X6 ilə birgə 9/36 çağırışlı avtopatrulda xidmət edərkən Çinarın göstərişi ilə avtovağzal ərazisinə getdilər. Orada “Ford” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər şəxsin kənd təsərrüfatı maları satdığını görüb onlara inzibati xəta olduğunu izah etdilər. Həmin şəxslərdən biri Sevgi adlı xanım onların qanuni tələblərinə riayət etməyərək satışı davam etdirirdi. Bu zaman onun qardaşı Elçin ucadan kobud ifadələr işlədərək ictimai qaydanı pozdu. Daha sonra onları nizam-intizama dəvət etdilər. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:10-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, işin halları ilə və şahidin izahatı ilə də bir daha təsdiq edilmişdir ki, Şəxs ictimai yerdə hər hansı təhqiredici söz və ya ifadə işlətməmiş və ictimai yerdə qaydaları pozmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ifadə olunur. Normanın məzmunundan göründüyü kimi burada ən vacib dispozitiv şərt ictimai qaydanı pozan hərəkətlərin mövcud olmasından ibarətdir. Lakin, indiki halda Şəxs hər hansı ictimai qaydanı pozması müəyyən edilməmiş, o, yalnız “Bezdirmisiniz”, “İmkan verin işimizi görək.” kimi ifadələr işlətmişdir. Həmin ifadələrin işlədilməsi ilə hər hansı ictimai qaydanın pozulması müəyyən edilmir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar