Məhkəmə qərarları › İş №3(060)-3130/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3130/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3130/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilzadə Məhəmməd Pərviz oğlunun və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11, X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Xəlilzadə Məhəmməd Pərviz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X15 tərəfindən 22.09.2021-ci il tarixdə Xəlilzadə Məhəmməd Pərviz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Xəlilzadə Məhəmməd Pərviz oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7677/2019 saylı, 26.09.2019-cu il tarixli icra sənədi üzrə 3613 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələbinə tabe olmamışdır. X14 Pərviz oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X15 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7677/2019 saylı, 26.09.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli 2(060)- 187/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05.04.2011ci il təvəllüdlü X6, 13.02.2013-cü il təvəllüdlü Xəlilzadə Məhəmməd Pərviz oğlunun və 05.05.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Şəxs X5 xeyrinə tutulması qət edilmişdir. X17 Pərviz oğlu tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir. İndiyədək aliment üzrə borcu 3613 manat təşkil edir. Buna görə də, Xəlilzadə Məhəmməd Pərviz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilzadə Məhəmməd Pərviz oğlu məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 26.09.2019-cu saylı qərarına əsasən 3 uşağın saxlanması üçün ondan hər ay 300 manat alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Alimentə görə 3613 manat borcu yığılmışdır, vaxt verilsə hissə-hissə ödəyə bilər. Hazırda ödəməyə imkanı yoxdur, vaxt verilsə 500-600 manat ödəyə bilər. Xəstəliyi vardır, böyrəyindəki daşların düşməsindən əziyyət çəkir. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilzadə Məhəmməd Pərviz oğlunun müdafiəçisi X4 bildirdi ki, Xəlilzadə Məhəmməd Pərviz oğlunun üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, imkanı çatdıqda ödəniş etmişdir və edəcəkdir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini xahiş edir. X3 bildirdi ki, o, uşaqları saxlamaqda çətinlik çəkir, indi məktəblər açılmış, uşaqların böyük ehtiyacları vardır, Xəlilzadə Məhəmməd Pərviz oğlu isə qəsdən alimenti ödəmir, alimentin tam ödənilməsini, əks təqdirdə ona ciddi cəza verilməsini tələb edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7677/2019 saylı, 26.09.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli 2(060)-187/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05.04.2011-ci il təvəllüdlü X6, 13.02.2013-cü il təvəllüdlü Xəlilzadə Məhəmməd Pərviz oğlunun və 05.05.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Şəxs X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Xəlilzadə Məhəmməd Pərviz oğlu ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs müxtəlif vaxtlarda ödənişlər etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Xəlilzadə Məhəmməd Pərviz oğlu tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, 3613 manat aliment borcu yığılmışdır. Onun protokol tərtib edilənə qədər hərəkətləri və hazırda vaxt verilərsə müəyyən məbləğ ödəyə biləcəyi barədə göstərdikləri də təsdiq edir ki, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Xəlilzadə Məhəmməd Pərviz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. X20 Pərviz oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Xəlilzadə Məhəmməd Pərviz oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Xəlilzadə Məhəmməd Pərviz oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bu halda tənbehin məqsədi təmin edilə bilər. İnzibati həbsin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 15:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xəlilzadə Məhəmməd Pərviz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar