Məhkəmə qərarları › İş №3(060)-3130/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3130/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3130/2025 25.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 , Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan ( FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 466/2019 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 3084 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilımişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-466/2019 nömrəli icra sənədinə əsasən icraat başlanmışdır. Hal hazırda Şəxs 3084 manat alimet borcu vardır. Lakin, o, borcundan bu gün 1000 manat məbləğində ödəniş etmişdir. Uşaqlardan birinin 2018-ci il tarixdən onunla yaşamasını əsas gətirərək aliment borcunun daha az olduğu Şəxs tərəfindən iddia edilsə də, alimet 3 uşağa münasibətdə hesablanmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-2292/2025 nömrəli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmədən tərəflərin təqdim etdiyi ərizələrin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, özünü inzibati xətanın törədilməsində təqsirli bilir. İşsiz olduğuna görə icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Hal-hazırda borcundan 1000 manat ödəmişdir. Məhkəmədən zərər çəkmiş şəxslə razılığa gəlmələrini nəzərə alaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, Şəxs 3084 manat aliment borcundan 1000 manatını ödəmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs sentyabr ayından etibarən borcundan cəmi 150 manat ödəmişdir. Sonuncu ödəniş təxminən 1 hətfə əvvəl 100 manat olmaqla onun kart hesabına ödənilmişdir. Məhkəmədən təqdim etdiyi ərizənin nəzərə alınmasını xahiş etmiş, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-466/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 07 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 462 (dörd yüz altmış iki manat) sabit pul məbləğində aliment Şəxs alınaraq X2 ödənilsin. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)- 466/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər İcra İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Bakı Şəhəri Binəqədi Rayon cəməsinin 2(001)-466/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu Şəxs mülkiyyətində olan “DAF XF 460 FT” yük markalı Kİ06 dövlət qeydiyyat nişanlı və KRONE PROFİ LİNER YARİMQOŞQU markalı, C106 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə məhdudiyyət qoyulmuşdur. Hazırda zərurət aradan qalxdığı üçün qeyd olunan avtomobillərin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi və axtarış tədbirlərinin dayandırılması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər İcra İdarəsi tərəfindən tərtib olunmuş akta əsasən, Binəqədi rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə sədrliyi ilə) 2(001)- 466/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanması üçün hər ay 462 manat aliment tutularaq tələbkarın xeyrinə ödənilməlidir. Tələbin təmin edilməsi məqsədilə borclunun icra sənədində göstərilən T.Kotec qəsəbəsi, məhəllə 15, mənzil 148/11 ünvanında olmuşlar, lakin borclunu qeyd olunan ünvanda tapmaq mümkün olmamış və orada yaşamadığı məlum olmuşdur. Borclunun axtarışı haqqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-2292/2025 nömrəli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-466/2019 nömrəli icra sənədinə əsasən məhkəmə zalında 1000 (min) manat ödəniş etmişdir. İşə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-466/2019 nömrəli icra sənədinə əsasən məhkəmə zalında 1000 (min) manat aliment borcunu almışdır. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. İş məhkəmədə baxılan zaman ödənişlər tələbkarla razılaşmaya əsasən müəyyən edilmiş formada həyata keçirilmiş və tələbkarla razılıq əldə edilmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar