Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3131/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, İcra sənədi üzrə tələbkar X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, N nömrəli hərbi hissədə sənaye effektliyi üzrə texnik işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X11 tərəfindən xx.xx.2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 nömrəli icra sənədi üzrə tələbin üzürsüz səbəbdən icra edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X11 bildirmişdir ki, xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 nömrəli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2016-cı il tarixdən Şəxs hər ay 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. 2020-ci ilin mart ayınadək borc məbləği 14980 manat olmuş, daha sonra 2020-ci ilin mart ayından barəsində icraat aparılan şəxs Şəxs rəsmi iş yeri üzrə əmək haqqının 70% məbləğinə yönəldilmişdir. Bundan sonra 2020, 2021, 2022, 2023 və 2024cü illər üzrə əmək haqqından tutulmalar olsa da, qalıq borc məbləği qalmışdır. Şəxs bu günə olan borcu 19042 manat təşkil edir. Barəsində icraat aparılan şəxs borc məbləğinə etiraz etmirdi, lakin, bu gün nədənsə izahatında borc məbləği ilə razı olmadığını, yeni qəbzləri olduğunu bildirmişdir. Həmin qəbzlər 2020-ci ilin mart ayınadək olan qəbzlərdir və onların hər biri borc məbləği hesablanarkən nəzərə alınmışdır. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X12 bildirmişdir ki, Şəxs hazırda ona 19042 manat məbləğində aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay 50-51 manat ödəniş etmiş, işlədikdən sonra əmək haqqının 70 faiz məbləğinə yönəldilsə belə aliment tam şəkildə ödənilməmişdir. O, uşaqları böyütməkdə çətinlik çəkdiyini, uşaqların bütün xərclərinin onun tərəfindən ödənildiyini, yaranmış borc məbləğini tam şəkildə tələb etdiyini bildirmiş, barəsində icraat aparılan şəxs Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tələbkara tələb olunan 19042 manat məbləğində aliment borcu yoxdur. O, borc məbləğinin icra məmuru tərəfindən səhv hesablandığını bildirmişdir. Belə ki, o, 2016-cı ildə 50 manat, 2017-ci il üzrə 550 manat, 2018-ci il üzrə 1479 manat, 2019-cu il üzrə 1463 manat, 2020-ci il üzrə 2704 manat məbləğində aliment ödəmiş, buna dair qəbzləri də mövcuddur. Bundan başqa, 2020-ci ilin mart ayından aliment borcu onun əmək haqqının 70 faizinə yönəldilmişdir. O, borcunun 19042 manat deyil, təxminən 15000-16000 manat olduğunu fikirləşir. Özünü qismən təqsirli hesab etdiyini, hazırda 2000 (iki min) manat, daha sonra isə hər ay 500 manat məbləğində əlavə ödəniş edəcəyini bildirmişdir. İzahatında hazırda işləməsini, 2020-ci ilin mart ayından müntəzəm olaraq əmək haqqının 70 faizi məbləğində vəsaitin tutulmasını, aliment borcunun ödənilməsindən yayınmadığını qeyd edərək, ona inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin aliment borcunu ödəməsini təsdiq edən qəbzlər mövcuddur. O, məhkəmə qətnaməsinin icra edilməsindən yayınmamış, 2020-ci ildən aliment borcu onun əmək haqqının 70 faizinə yönəldilmiş, hazırda da aliment borcundan 2000 manat məbləğində vəsaiti tələbkara ödəmək istədiyini, lakin sonuncu tərəfindən qəbul edilmədiyini qeyd etmişdir. Eyni zamanda barəsində icraat aparılan şəxsin borcunun olmasını, lakin, protokolda qeyd edilən 19042 manat məbləğində olmadığını bildirmişdir. Bundan başqa, barəsində icraat aparılan şəxsin işləməsini, onun aylıq maaşının 70 faizinin aliment borcuna yönəldilməsini, hər ay əlavə olaraq 500 manat məbləğində aliment borcunu ödəyəcəyinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş Şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə N nömrəli Hərbi Hissəyə Şəxs aliment borcu ödənilənədək hər ay əmək haqqından 70 faiz tutuaraq, borcu bitdikdən sonra hər ay 360 manat tutularaq X5 hesabına köçürülməsi barədə tədbir görülməsi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışda xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün (2020-ci il üzrə-2502 manat, 2021-ci il üzrə 2917 manat, 2022-ci il üzrə 3695 manat, 2023-cü il üzrə 4315 manat, 2024-cü il üzrə 3029 manat, cəmi 16458 manat) tutulmuş aliment ödənişlərinə dair cədvəl tərtib edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş qəbzlərdən görünür ki, 2016-cı ildə 50 manat, 2017-ci il üzrə 550 manat, 2018-ci il üzrə 1479 manat, 2019-cu il üzrə 1450 manat, 2020-ci il üzrə 200 manat məbləğində aliment ödənişi tələbkar X1 hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-442/2017 nömrəli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2016-cı il tarixdən Şəxs hər ay 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İş üzə xx.xx.2017-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə 2017-ci ildən indiyədək borc məbləği üzrə tam ödəniş etməməsini, icra məmurunun qanuni tələblərinin müəyyən olunmuş müddətdə icra edilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3131/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3131/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver