Məhkəmə qərarları › İş №3(060)-3133/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3133/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3133/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi , Protokolu tərtib edən şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 20:50-də narkotik vasitə istifadəsində şübhəli olduğu üçün polis bölməsinə gətirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50-də narkotik vasitə istifadəsində şübhəli olduğu üçün polis bölməsinə gətirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə kafedə əyləşən zaman polis əməkdaşları onları tutaraq polis bölməsinə gətirmiş, axtarış aparan zaman üzərindən heç bir şey aşkar olunmamışdır. Sonra analiz üçün ondan nümunələr götürülmüşdür. Narkotik vasitə qəbul etməmişdir, əsəbinə görə dərman qəbul etdiyi üçün onun tərkibində narkotik vasitə ola biləcəyini hesab edir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, şəxs əməliyyat məlumatı əsasında saxlanılmış, şəxsə hüquq və vəzifələri izah olunmadan bölməyə gətirilmişdir. Şəxsin üzərindən heç bir maddə aşkar olunmamış, özü də heç bir narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirdi ki, Şəxs və X3 narkotik vasitələrin istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən çayxanaya yaxınlaşaraq şəxsləri saxlamış, saxlanma səbəbləri izah edilmiş və polis bölməsinə dəvət etmişlər. Üzərilərinə baxış keçirilən zaman heç bir şey aşkar olunmamış, sorğu zamanı üzərilərində heç bir narkotik vasitə olmadığını, lakin arabir istifadə etdiklərini bildirmişlər. Bundan sonra şəxslər müayinəyə aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, müdafiəçi və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiqi olmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7439 nömrəli rəyində qeyd olunur ki, Şəxs Kannabinoidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”-nin xx.xx.2022-ci il tarixli, A/1978 saylı protokolunda qeyd edilmişdir ki, Şəxs götürülmüş sidiklə ekspert üsulu ilə yoxlama aparılmış, onda marixuana qəbulu faktı aşkarlanmışdır. İnzibati iş materiallarında olan “inzibati qaydada tuma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129, və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin, inzibati qaydada tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən nəzərə alınaraq üzərində qəti olaraq 300,00 (üç yüz) manat məbləğində cərimə saxlanılsın. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar