Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3148/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 993/2023 saylı icra sənədi üzürsüz səbəbdən borclu Şəxs tərəfindən icra edilməmiş və nəticədə 10080 (on min səksən) manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X12 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 993/2023 saylı icra sənədinə əsasən 13 mart 2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildirişlə tanış olmuş, eyni zamanda borclu xx.xx.2024-cü il tarixədək aliment məbləğindən heç bir ödəniş etməmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və icra olunması üçün Ağdam RPŞ-yə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Ağdam RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borcluya icra sənədi üzrə olan aliment borcunu ödəmək təklif olunmuş, borclu üzərində olan 10080 manatı ödəməkdən imtina etmiş və üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, əvvəllər ödəniş etmiş, işləmədiyi üçün bir neçə aydır ki, ödəniş edə bilmir. Keçən il də, ödəniş etmiş və bazarlıq da göndərmişdir. Yanvardan işə düzələcəyini, tələkarın adına hesab açılmasını, hesabın ona verilməsini və borcu hissəhissə ödəyəcəyini bildirdi. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 izahatında bildirdi ki, 4 uşaq və xəstə qaynanasının onun himayəsində olduğunu, fəhlə işləyərək onları dolandırdığını, borcludan 1 il ərzində xəbər olmamasını, heç bir ödəniş etmədiyini və yığılan aliment borcunun tam ödənilməsini bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 bildirdi ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-993/2023 saylı icra sənədindən görünür ki, 13 mart 2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-993/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildirişlə tanış olmuşdur. İş materiallarında olan borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, hal-hazırda ödəniş etməyə imkanının olmadığını və işləyən zaman ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-993/2023 saylı icra sənədinə əsasən 13 mart 2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş üzrə xx.xx.2023-cü ildə icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, göründüyü kimi borculunun hələ də, ödənilməmiş kifayət qədər məbləğdə aliment borcu var və sonuncunun işləməməsi onun məsuliyyətdən kənar qalması üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 26 dekabr 2024-cü il tarixdən saat 12.40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 26 dekabr 2024-cü il, saat 12.40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müseyib Yaqub oğlunun göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3148/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3148/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver