Məhkəmə qərarları › İş №3(060)-315/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-315/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-315/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədrliyi, X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7A, mənzil 57 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə 27 yanvar 2023-cü il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC (VÖEN **********) 43.243,20 ABŞ dolları məbləğində vəsaiti 14 yanvar 2021-ci il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 26.764,97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 15 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 13 fevral 2023-cü il tarixə təyin edimiş, lakin məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə sübutların təqdim olunması barədə şifahi vəsatətinə əsasən işin baxılması 20 fevral 2023-cü il tarixə təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 fevral 2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, "xxxx" QSC tərəfindən Şəxs MMC 43.243,20 ABŞ dolları məbləğində vəsaiti 14 yanvar 2021-ci il tarixində xaricə köçürmüş və 43.243,20 ABŞ dolları dəyərində mallar bəyan olunmuşdur. Lakin hal-hazırda bəyan olunan mallara dair sənədləri məhkəməyə təqdim etməkləri mümkün deyildir. Nümayəndə bəyan olunan mallara dair sənədləri məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də növbəti məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 43.243,20 ABŞ dolları məbləğində vəsaiti 14 yanvar 2021-ci il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 26.764,97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır və nəticədə həmin Cəmiyyətin İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 10,00 AZN olan Şəxs MMC xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 5695 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Şəxs MMC qabaqcadan ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilər siyahısındadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 010 №-li müqavilədən görünür ki, Şəxs MMC və “Flodeal” İNC arasında alqı-satqı müqavilsə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, "xxxx" QSC-nin xarici valyutada köçürmə orderindən görünür ki, ödəyən müştəri Şəxs MMC tərəfindən alıcı “Flodeal” İNCin hesabına 43.243,20 ABŞ dolları pul köçürülmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 43.243,20 ABŞ dolları ödəniş məbləğindən 16.478,23 ABŞ dolları bəyan olunmuş, lakin 26.764,23 ABŞ dolları bəyan olunmamışdır. Şəxs MMC qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X2 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 7A, mənzil 57 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5.352,99 (beş min üç yüz əlli iki ABŞ dolları 99 sent) (26.764,97 x 20 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar