Məhkəmə qərarları › İş №3(060)-3152/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3152/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3152/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ali təhsilli, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 14 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 02:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən “Dəmir lövhə”ni talama məqsədilə sökərək satmışdır. X7 80,00 manat məbləğində maddi ziyan vurmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 14 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 02:00 radələrində dostu Emin Abdullayev ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən “Dəmir lövhə”ni yerindən çıxartmaq istəmişdir. Lakin o, kömək məqəsdi ilə tanımadığı iki nəfərdən kömək istəmiş, onların köməkliyi ilə dəmir lövhəni sökərək tanımadığı şəxsə 20,00 manata satmışdır. Hazırda vurmuş olduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməldən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, əri mayor X5 xx.xx.2020-ci ildə 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. O, Rahibin xatirəsini əbədiləşdirmək üçün yaşadığı binanın yaxınlığında yol kənarında Rahib Babayevin şəkli olan lövhəni qoymaq istəmiş, buna görə də xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində həmin lövhəni yaşadığı binanın yaxınlığında Sülh küçəsində yolun kənarında ticarət obyektlərinin arasında yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində uşaqlarını məktəbə aparanda həmin lövhənin yerində olmadığını görmüşdür. Bundan sonra şikayət etmək qərarına gəlmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin gecə saat 02 radələrində 4 nəfər şəxs tərəfindən lövhə yerindən sökülərək oğurlanmışdır. O, oğurluq hadisəsində İradə adlı şəxsdən şübhələnir, çünki İradə adlı şəxs həmin lövhənin yerləşdiyi yerdə obyekt tikdirmək istəyirmiş, təxminən 2 ay əvvəl İradə yaşadığı ünvana gələrək, həmin yerdə onun adından istifadə edib obyekt tikmək istədiyini, buna görə də ona 10.000 manat pul verəcəyini demiş, o, isə bundan imtina etmişdir. Buna görə də hazırda İradənin sifarişi ilə lövhənin oğurlandığını düşünür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 80,00 manat maddi ziyan dəymiş və vurulmuş ziyan ödənilmədiyindən, həmçinin şikayətçi olduğundan Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını, İİİ qrup əlil olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati xəta haqqında protokol ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 dekabr 2022-ci il saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar