Məhkəmə qərarları › İş №3(060)-3159/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3159/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3159/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Qubadlı rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 322.0.2 və 333.1-ci maddələrinə əsasən 12.09.2021-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Mercedes-Benz 180C minik” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1984-cü ildə Qubadlı rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs tərəfindən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarına yol verilmişdir. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 24.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 oktyabr 2021-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işin baxılması 13 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı yenə də təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 322.0.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, Sumqayıt şəhəri, Sülh prospektində avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşı onu saxlamış yoxlama zamanı ondan sərxoş olmasını soruşduqda, polis əməkdaşına sərxoş olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı onu həkim müayinəsindən keçmək məqsədilə Sumqayıt şəhəri Narkoloji Dispanserinə aparmışdır. Müayinə zamanı ondan heç bir sərxoşluq halı aşkar olunmamışdır. Polis əməkdaşı onu otaqdan çölə çıxardaraq 5- 10 dəqiqə gözlətmiş, təkrar müayinə üçün müayinə otağına dəvət edərkən o, buna etirazını bildirmiş və bildrimişdir ki, müayinədən az əvvəl keçmiş, lakin ondan sərxoşluq vəziyyəti aşkar olunmamış, bu səbəbdən də müayinədən imtina etmişdir. O, dərhal bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və daha sonra isə Sumqayıt şəhər prokurorluğuna yazılı məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 322.0.2-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 322.0.2-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 333.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6971 №li 12.09.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən imtina etməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AC 204401 № li sürücülük vəsiqəsi 28.09.2013-cü ildən 28.09.2023-cü ilədək etibarlıdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində 12.09.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis serjantı X3 tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə nəqliyyat vasitəsini alkoqoldan sərxoş vəziyyətdə idarə edilməsi hallarına görə inzibati xəta haqqında protokol tərtib olunsa da, X2 alkoqol sərxoşluğu vəziyyətində olmasına dair həkim rəyi materialda yoxdur. Beləliklə, Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis serjantı X3 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində tərtib olunmuş 12.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis serjantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş 12.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar