Məhkəmə qərarları › İş №3(060)-3160/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3160/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3160/2022 15.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1954-cü ildə Lerik rayonu, Vistan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26-nın dəhlizində Zərərçəkmiş şəxs sifətinə əli ilə vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Sumqayıt şəhəri 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərar qəbul edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPİ-nin 4-cü PBnə göndərilməsi qərara alınmışdır. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26-nın dəhlizində Zərərçəkmiş şəxs sifətinə əli ilə vurmuşdur. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildimişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Həmin gün o evdə olmamışdır, Ceyranbatan qəsəbəsində olmuşdur. Evə gələrkən qardaşını dəhlizdə görmüş evinin işığını söndürdüyünə görə söz mübahisəsi yaranmış, lakin Zərərçəkmiş şəxs vurmamışdır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. Bir binanın ayrı-ayrı mənzillərində yaşayırlar, həmin gün qardaşının işığa kənar qoşulmasına görə dəhlizin işığı sönmüş, buna görə də həmin kənar xətti o, ayırmışdır. Sonra bacısı oğlu ona Rasimin danışa-danışa yuxarı çıxdığını demiş, o da çölə çıxan zaman Rasim ondan niyə işığının söndürdüyünü soruşmuş, bunun üstündə mübahisə yaranmış və Rasimxan onun üzərinə hücum çəkmiş, sifətindən əlli ilə və qarnına təpiklə vuraraq onu itələmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilməsi qərara alınmışdır. İnzibati işin materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 1740 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gözün bayır bucağı nahiyənin sıyrığı” xəsarəti vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi müəyyən edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, əvvələr məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını, məişət zəminində qoumlar arasında olan mübahisə nəticəsində inzibati xətanın törədilməsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar