Məhkəmə qərarları › İş №3(060)-3160/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3160/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3160/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də satış təmsilçisi işləyən, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X1 övladları ilə görüşü borclu Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı tərəfindən üzürsüz səbəbdən icra etməmiş, bununla da sonuncu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi X3 xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borclunun ünvanına bildiriş göndərilmişdir. Həmçinin borcluya uşaqlarla ünsiyyəti təmin etmək haqqında hüquq və vəzifələri bildirilmişdir. Bundan sonra borclu və tələbkar uşaqlarla ünsiyyətin təmin olunması üçün bir neçə dəfə görüşmüş, lakin son 15 və 22 dekabr 2024-cü il tarixlərdə görüş baş tutmamışdır. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə borclu ilə əlaqə saxlanılmış, borclu uşaqların qızdırmalı olduğunu və görüşü təmin edə bilməyəcəyini bildirmişdir. Bundan sonra borcluya uşaqların qızdırması olması barədə həkimdən müvafiq arayışların təqdim edilməsi bildirilmiş, lakin qeyd olunan arayışlar vaxtında təqdim olunmadığına və İcra İdarəsinə yaxınlaşmadığına görə borclunun barəsində “İcra haqqında” Qanunun 27-ci maddəsinə əsasən axtarış qərarı qəbul olunaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən borclu İcra İdarəsinə təmin olunmuş, ona hərəkətlərində inzibati xəta əlamətləri olduğu bildirilmiş, izahatı alınmış, xx.xx.2024-cü il tarixli görüşlə əlaqədar uşaqların qızdırması olduğu, xx.xx.2024-cü il tarixli görüşlə əlaqədar isə uşaqları müəyyən olunmuş yerə apardığını, lakin tələbkarın gəlmədiyini demiş, bununla əlaqədar məlumat verməmişdir. İcra sənədi İcra İdarəsinə daxil olduqdan sonra görüş bir dəfə İcra İdarəsində, iki dəfə isə müstəqil baş tutmuşdur. Lakin, axırıncı iki görüş baş tutmamışdır. Ona görə də, borclunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının barəsində inzibati tənbeh tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində uşaqlar qızdırmalı olduğuna görə görüşə gəlməmişdir. Bu barədə mesaj vasitəsilə tələbkara məlumat vermişdir. xx.xx.2024cü il tarixində isə uşaqları əvvəlcədən tələbkarla razılaşdıqları yerə, Göyərçin adlanan əraziyə gətirmiş, 2 saat orada uşaqlarla gözləmiş, lakin tələbkar gəlmədiyi üçün vaxt tamam olan kimi uşaqları evə aparmışdır. Arayışları məhkəməyə təqdim etmişdir. Tələbkar aliment ödəməsə də, uşaqları vaxtı-vaxtında tələbkarla görüşdürmüşdür. İcra məmuruna da, bir görüşün olmadığını, gələn görüşdə qətnamə ilə müəyyən olunmuş vaxtdan cox görüşməyə icazə verəcəyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə borcluya mesaj yazaraq uşaqlarla görüşmək istədiyini bildirmiş, borclu da ona uşaqların qızdırması olduğunu və görüşə gələ bilməyəcəklərini yazmışdır. O, bu barədə icra məmuruna məlumat vermək üçün zəng etmiş, lakin bazar günü olduğu üçün icra məmurunun telefonuna zəng çatmamışdır. O, tələbkara xx.xx.2024-cü il tarixdə mesaj yazaraq uşaqları saat 4-də götürəcəyini bildirmiş, lakin borclu ona heç bir cavab yazmamışdır. İcra məmuruna da bu barədə məlumat verməmişdir. Aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. Uşaqlarla münasibətləri də yaxşıdı, lakin hər dəfə görüş zamanı borclu problem yaradır. Bu vaxtadək iki görüş baş tutmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 16(028)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, ərizəçi X3 xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)- 21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızına 10 gün vaxt verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15.00 radələrində Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı övladları ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə yaxınlaşmış və tələbkar X8 övladları ilə görüşmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 16 və 22 dekabr 2024-cü il tarixli aktlardan görünür ki, Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı övladları Kənan və Öməri ataları X8 ilə görüşməyə maneçilik yaratmışdır. İş materiallarında olan Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının mobil telefonunun “Whatsapp” tətbiqi vasitəsindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə borclu Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızı tələbkar X4 “Uşaqlar qızdırmalıdı ömər öskürür gecə yatmayıb qızdırıb məktəbə də qoymayacam sabah” mesajını yazmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X5 və X7 “kəskin respirator” diaqnozu ilə müalicə almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi X3 xx.xx.2014cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan və tərəflərin izahatlarından da görünür ki, uşaqlarla görüş bir dəfə İcra İdarəsində, iki dəfə isə müstəqil surətdə baş tutmuşdur. Cəmi iki görüş, yəni 15 və 22 dekabr 2024-cü il tarixlərdə görüş baş tutmamışdır. Borclu bu tarixlərdə olan baş tutmayan görüşlərə aydınlıq gətirərək xx.xx.2024-cü il tarixdə uşaqların qızdırması olduğuna görə, xx.xx.2024-cü il tarixdə isə uşaqları əvvəlcədən tələbkarla razılaşdıqları yerə, Göyərçin adlanan əraziyə gətirdiyini, 2 saat orada uşaqlarla gözlədiyini, lakin tələbkar gəlmədiyi üçün vaxt tamam olan kimi uşaqları evə apardığı üçün baş tutmadığını bildirmişdir. Uşaqların müayinədən keçirilməsi haqqında arayışları və mobil telefonunun “Whatsapp” tətbiqi vasitəsindən çıxarışı da məhkəməyə təqdim etmişdir. Borclunun da izahatından görünür ki, tələbkar aliment ödəməsə də, uşaqları vaxtı-vaxtında tələbkarla görüşdürmüş, icra məmuruna da, bir görüşün olmadığını, gələn görüşdə qətnamə ilə müəyyən olunmuş vaxtdan cox görüşməyə icazə verəcəyini bildirmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədova (Paşayeva) Aysel Meşəbəyi qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar