Məhkəmə qərarları › İş №3(060)-3166/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3166/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3166/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Qürbətov Məmməd Meşəd oğlunun və onun etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qürbətov Məmməd Meşəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1684/2023 nömrəli icra sənədinə əsasən Qürbətov Məmməd Meşəd oğluna olan 5189 manat məbləğində borcu qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1684/2023 nömrəli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş ilə birlikdə borcluya və tərəflərin ünvanına göndərilmişdir. Eyni zamanda borclu İdarəyə dəvət edilərək ona hüquq və vəzifələri izah edilmiş, icra sənədinin icrası tələb olunmuşdur. Borclu tərəfindən hissəvi ödənişlər olsa da, 5189 manat məbləğində ödənilməmiş borc qalmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilərək, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmçinin, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə barəsində icraat aparılan şəxs Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, 56 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin əmlakla bağlı qiymətləndirici dəvət edilərək əmlakın qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs hissəvi olaraq 5976 manat məbləğində ödəniş etsə də, hissə-hissə ödənilmə barədə məhkəmə aktı olmadığından və tələbkar borcun tam həcmdə ödənilməsini tələb etdiyindən barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X5 zərəçəkmiş şəxsin həyat yoldaşı olduğunu bildirib qeyd etdi ki, məhkəmə qətnaməsi ilə tutulan borc məbləği onun ərinin tam görmə məhdudluğu ilə bağlı verilən müavinətdir. O, pulun hissə-hissə ödənilməsi ilə razı olmadığını, barəsində icraat aparılan şəxsin mülkiyyətində mənzil olduğunu, həmin mənzil ilə bankdan pul götürə biləcəyini bildirmişdir. Borc məbləğinin tam şəkildə qaytarılmasını tələb edərək Şəxs barəsində həbslə əlaqədar olan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qeyd edilən borc məbləği ilə razıdır. O, qətnamənin icra edilməməsində özünü təqsirli bildiyini, borcdan hissə-hissə ödənişlər etdiyini, halhazırda borc məbləğindən 500 manat ödəyə biləcəyini, tam ödəmək imkanı olmadığını, yanvar ayında bankdan kredit götürüb tam ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin yanvarın 15-nə kimi borcunu ödəyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1684/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 11.165 (on bir min yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Qürbətov Məmməd Meşəd oğlunun xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə icra İdarəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1684/2023 nömrəli qətnaməsi üzrə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1684/2023 nömrəli sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(105)-1684/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1684/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə borclu Həsəsnov Şahin Ağası oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 3, 56 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1684/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 11.165 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Qürbətov Məmməd Meşəd oğlunun xeyrinə ödənilməlidir. İş üzə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu izahat verərək tam şəkildə pulu olmadığına görə borcun bir qismini ödədiyini bildirmişdir. Tələbkar isə şikayət edərək ödənişin təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədini icra etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi vaxta müvafiq pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar