Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3169/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X3 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 13 noyabr 2025-ci il tarixli, 13000-01605/25 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi , təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin səlahiyyətini təsdiq edən etibarnaməni məhkəmənin mail adresinə göndərməklə onun məhkəmə iclasında videogörüntü vasitəsilə iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə onun xahişini təmin edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında videogörüntü vasitəsilə iştirakını təmin etmişdir. Məhkəmə iclasında whatsapp tətbiqi vasitəsilə videogörüntü ilə iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi, təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikası ərazisinə mal gətirən şəxslər həm yük, həm də konteynerə görə qısa idxal bəyannaməsi təqdim etməlidirlər. Hüquqi şəxslər adətən konteynerləri satmaq məqsədi olmadıqlarını qeyd edərək qısa idxal bəyannaməsi təqdim etmirlər, lakin daha sonra həmin konteynerlərə müştəri tapdıqdan sonra onun satışını həyata keçirirlər. Barəsində protokol tərtib edilmiş hüquqi şəxs də ilkin olaraq aprel ayında konteyneri nəqliyyat vasitəsi kimi bəyan etmiş, lakin, sonradan həmin konteynerə YGB almışdır. Bu səbəbdən də hüquqi şəxsin barəsində həmin konteyner adlı yükə görə də qısa idxal bəyannaməsi verilməməsi səbəbindən protokol tərtib edilmişdir. Bu səbəbdən tərtib edilmiş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, müvafiq mallar xx.xx.2025-ci il tarixdə gömrük sərhədindən keçərək ölkə ərazisinə daxil olmuşdur. Həmin mallara görə mallar ölkə ərazisinə daxil olmazdan əvvəl qısa idxal bəyannaməsi verilmədiyindən may ayında cərimə edilmişlər. xx.xx.2025-ci il tarixdə daş yunu adlı mal konteyner vasitəsilə ölkə ərazisinə gətirilmişdir. Hesab edir ki, mallar konteyner vasitəsilə bir barkodla gəlirsə, bir idxal bəyannaməsi verilməlidir. Həmçinin bildirmişdir ki, konteynerdə mal gətirilmiş , daha sonra konteyner onlara lazım olduğuna görə geri qaytarmamışlar. Məhkəmədən bir dəfə cərimə edilmələrinin nəzərə alınmasını, bu səbəbdən də inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "xxxx" MMC-nin ünvanına nəqliyyat vasitəsi ilə gələn HÖVSAN DƏNİZ G/P gömrük postuna daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 13000-01605/25 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-3200/012/005587 nömrəli raporta əsasən xx.xx.2025-ci il tarixində İran İslam Respublikasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixində **********2456 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İslam Respublikasından hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən “konteynerlər” adlı yük xx.xx.2025-ci il tarixində saat 10:06-da “X6” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin qeyd edilən yük gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Beləliklə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid X1” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, “"xxxx" MMC-nin ünvanına göndərilən “konteynerlər” adlı yük xx.xx.2025-ci il tarixində saat 10:06-da “X6” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1150/2025 nömrəli qərarından görünür ki, AZ.GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Hüquqi şəxsin qanuni təmsilçisinin izahatına münasibətdə məhkəmə qeyd edir ki, təmsilçi özü də izahatında daş yunu adlı malın konteyner vasitəsilə gətirildiyini və daha sonra da həmin konteyneri lazım olduğu üçün geri qaytarmadığını, həmin konteynerə bəyannamə aldıqlarını bildirmişdir. Göründüyü kimi, hüquqi şəxsin konteyneri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməməsi bir daha təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3169/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3169/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver