Məhkəmə qərarları › İş №3(060)-3171/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3171/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3171/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN2407619 nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49cu maddələrinin tələbləri pozularaq X3 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət edərək Şəxs MMC-də işə götürüləcəyi adı ilə 1 gün işlədilmiş, ona onunla əlaqə saxlanılacağı bildirilsə də, əlaqə saxlanmadığını və gördüyü işin qarşılığında əmək haqqı almadığını bildirmişdir. Qeyd olunan müraciətdən sonra X1 izahatı alınmış və onun təqdim etdiyi whatsapp yazışmalarının şəkillərindən də Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi görünür. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalarla bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq qərar qəbul edildiyi üçün protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa, vəzifəli şəxslə bağlı Sumqayıt şəhər Məhkəməsinin qərarında apellyasiya şikayətinin verildiyi bildirmişdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli iclaslarında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, X3 həmin gün Şəxs MMC-yə gəlsə də, orda heç bir iş görməmişdir. Həmçinin, qeyd etmişdir ki, X3 hansı işləri gördüyünü sübut edə bilmir və burada sübutetmə yükü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin üzərində düşür. Şəxs MMC-nin böyük bir MMC olduğunu və MMC-nin hər hansı işçinin müqaviləsiz işlətməkdə heç bir marağının olmadığını, baş verən halın MMCnin maraqlarına uyğun gəlmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli iclaslarında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X8 bildirmişdir ki, X5 MMC-də heç vaxt işləməmişdir. Belə ki, kadrlar şöbəsinin əməkdaşı xanıma zəng edərək onu işlə tanış olmağa çağırmış, o, yalnız şirkətdə 2-3 saat vaxt keçirmiş, heç bir iş görməmişdir. İşlə tanış olduqdan sonra isə şirkətdə kimisə görüb, nəyisə bəyənməyib və şirkətdə işləməkdən imtina edərək çıxıb getmişdir. Məsələ heç əmək müqaviləsinin bağlanmasına gəlib çıxmamışdır. Lakin, M.Məhərrəmova daha sonra gedib işləməsi ilə bağlı şikayət etmişdir. Əlbəttə ki, o işlədiyini bildirəcəkdir. Lakin, o, birbaşa rəhbərinin kim olması, göstərdiyi xidmətin nədən ibarət olmasını, kimdən tapşırıq alması barədə heçnə deyə bilmir. Çünki, belə bir hal mövcud olmamışdır. O, yalnız gəlib iş şəraiti ilə tanış olub çıxıb getmişdir. Həmçinin, bildirmişdir ki, protokol tərtib edilərkən heç şikayət verən şəxsin izahatı belə alınmamışdır. Yalnız onun zəng edərək məlumat verməsi əsasında protokol tərtib edilmişdir. Bundan başqa, tərtib edilmiş materialda kadrlar şöbəsinin əməkdaşı ilə aparılan yazışmalara istinad edilir. Kadrlar şöbəsinin əməkdaşının xanıma iş tapşırmaq və ya onu işə götürmək səlahiyyəti yoxdur. O, yalnız onu iş şəraiti ilə tanış olmağa çağırmışdır. Həmçinin, artıq vəzifəli şəxsin cərimə edilməsi ilə bağlı qərar Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsin inzibati xəta törətməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Whatsapp tətbiqi ilə aparılan yazışmalara istinad edilsə də, həmin yazışmaların heç birində şikayətçiyə onun orada işləməsi ilə bağlı hər hansı yazı yoxdur. Həmçinin, artıq vəzifəli şəxslər barəsində Məhkəmə tərəfindən qərar qəbul edildiyini, həmin qərarın hazırki işlə əlaqəli olduğunu bildirmişdir. Bundan başqa, şikayətçinin şirkətdə işləmədiyini, ona tapşırığı verən şəxsi tanımadığını, onu işlə tanış olduqdan sonra növbəti həftənin birinci günü işə çağırsalar da gəlmədiyini, hüquqi şəxsdən nə üçün şikayət yazdığının bəlli olmadığını bildirmiş, məhkəmədən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, o, Şəxs MMC-yə CV göndərmiş və Elmira adlı xanım onu qablaşdırıcı vakansiyası üzrə işə dəvət etmişdir. Elmira xanımın dəvətinin səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə, saat 9-da müəssisəyə getmiş və ona saat 10-nun yarısıdək SƏTƏM təhlükəsizlik təlimatı keçmiş, onlara alətlər barədə məlumat verilmiş, hansı alətlərə toxunmamaq lazım olduğunu bildirmişlər. Onunla bərabər 7-8 nəfər qız da işlə bağlı olaraq MMC-yə gəlmişdi. SƏTƏM təlimatından sonra onları bölmüşlər. O, qablaşdırıcı vakansiyası üzrə işə götürüləcəyini bilsə də, orada ona operator vəzifəsində yer olduğunu, həmin vəzifəni icra edəcəyini bildirmişlər. O, xx.xx.2025-ci il tarixdə təxminən saat 10-un yarısından saat 4-ə kimi dayanmadan 1000dən çox yastıq üzü çevirmişdir. Hətta, orada bir nəfər işçi onun cəld işlədiyini görüb digər işçilərə onun təzə gəldiyini, lakin yaxşı və cəld işlədiyini bildirmişdir. Onların rəhbərinin kim olduğunu bilməmişdir. Onunla birlikdə gələnlərdən başqa hamının iş formasında olduğunu bildirmişdir. Ona əmək haqqı olaraq 450-500 manat əmək haqqı təklif edilmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 4-dək şirkətdə işləmiş, hətta nahar fasiləsinə çıxıb, şirkətin işçiləri ilə birlikdə nahar etmişdir. Onun ayağında idman ayaqqabısı olmuş, yorulduğu üçün sonradan ayaqqabını çıxarıb, işinə ayaqyalın davam etmişdir. Daha sonra isə şirkətin əməkdaşları onun yıxılacağından qorxub ayağının altına qoymaq üçün karton gətirmişdir. Orada ondan başqa, döşəküzü çevirənlər, parça gətirənlər də olmuşdur. Saat 4-də işdən çıxarkən təhlükəsizlik şöbəsinin rəisi ilə görüşmüş, həmin əməkdaş ona sual-cavab etmiş, bundan sonra isə Elmira adlı xanım ona axşam zəng edəcəyini bildirmişdir. Lakin, zəng etməmiş, ona əmək haqqı ödənilməmişdir. Daha sonra o, özü Elmira xanıma nə qədər zəng etsə də, onun zənglərinə cavab verməmiş, yazdığı mesajlara baxmamışdır. Daha sonra özünü yaxşı hiss etmədiyi üçün həkimə də getmiş və müəyyən olunmuşdur ki, birdən-birə ağır işlə yükləndiyi üçün onurğasında narahatlıq yaranmışdır. O, xx.xx.2025-ci il tarixdən sonrakı 2-3 gün ərzində dəfələrlə telefonla Elmira xanıma zəng etsə də, ondan cavab ala bilməmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qaynar xəttinə şikayət etmişdir. Şikayət etdikdən sonra isə şirkətdən Aygül adlı xanım ona yazmış və təzə gələn işçiyə elə münasibət göstərdiklərini, onun haqlı olduğunu demiş, Elmira barəsində isə tədbir görüləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, o, Şəxs MMC-də kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləyir. X3 Şəxs MMC-nin binasının qarşısında olan CV qutusuna CV atmışdır və o, CV-ləri qiymətləndirərkən X2 məhsulun keyfiyyətinin yoxlanması üzrə operator vəzifəsi üzrə işə dəvət etmiş və onun üçün maraqlıdırsa, onu sahəyə çağırmışdır. Həmin vəzifəyə əsasən, o, məhsula baxış keçirib malın qüsurlu olubolmadığını yoxlamalı idi. Əgər razılıq əldə edilib əmək müqaviləsi bağlanarsa, ondan sonra işçiləri rəhbərlərinə yönləndiriləcəkdi və həmin rəhbərlər tərəfindən onlara işlərin öyrədilməsi ilə bağlı olaraq təlim keçiriləcəkdi. Yalnız bundan sonra işçi xidmətin göstərilməsinə cəlb ediləcəkdi. X3 gəldikdən sonra hər bir işçidə olduğu kimi onu sahəylə tanış etmişlər və SƏTƏM təlimatından keçdikdən sonra təhlükəsizlik rəisi olan Tural Xələfovun qəbulunda olmuşlar. Təhlükəsizlik rəisi tərəfindən X3, həmçinin onunla birlikdə gələn digər şəxslər barəsində müsbət rəy verilmişdir. Bundan sonra xanıma 2 gün ərzində zəng edəcəklərini bildirmişdir. Lakin, xanım ona səbəb göstərmədən belə bir müəssisədə çalışmaq istəmədiyini bildirmişdir. X12 Xidməti tərəfindən onlara göndərilmiş məktubdan sonra isə xanımın şikayət etdiyini bilmişlər. O, onun tərəfindən işlədilən şirkətin ***-***-**-** mobil telefon nömrəsi ilə M.Məhərrəmova ilə danışdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirmişdir ki, o, Şəxs MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. X5 müəssisənin ərazisində yerləşən “CV” qutusuna CV ilə müraciət etmiş və daha sonra həmin CV şirkətin işə qəbul üzrə əməkdaşı tərəfindən dəyərləndirilmiş və uyğun olan vakansiya üzrə iş görüşməsi üçün dəvət edilmişdir. Xanım müəssisəyə daxil olduqdan sonra ona SƏTƏM təlimatı keçirilmiş, fabriklə tanışlıq olmuş, təhlükəsizlik yoxlamasından sonra isə evə getmişdir. İki gün sonra isə işə qəbul üzrə əməkdaş tərəfindən zəng edilərək işə dəvət olunsa da, xanım heç bir səbəb göstərmədən imtina etmişdir. Onun hər hansı şəxsə işlə bağlı tapşırıq vermək səlahiyyətinin olmadığını, işçi hansı sahədə fəaliyyət göstərirsə ona həmin sahə üzrə rəhbərin tapşırıq verdiyini bildirmişdir. İşçi işə qəbul edilmədən ona hər hansı işi görməklə bağlı göstəriş verilmir və işə qəbul olduqdan sonra rəhbəri ilə tanış edilir. İşçinin müəssisədə işləməsi ilə bağlı şikayət verməsinin səbəbini başa düşmədiklərini, onlara şikayətlə bağlı məlumat verildikdən sonra şikayətçi ilə danışıb aydınlaşdırmaq istəsə də, yalnız şirkət barəsində mənfi danışdığını bildirmişdir. O, müəssisənin ərazisinin böyük olduğunu, beş fabrikin fəaliyyət göstərdiyini, işçinin heç bir tapşırıq olmadan orada işləyə bilməyəcəyini bildirmişdir. O, Mətanət xanımla tarixi dəqiq xatırlamadığını, müfəttişlikdən şirkətə məktub daxil olduqdan sonra əlaqə saxladığını, onunla müəyyən danışıqlar apardığını, lakin, mesajların “taymer”də olmasına görə görünmədiyini bildirmişdir. O, ***- ***-**-** mobil telefon nömrəsinin ona məxsus olduğunu, mesajların məzmunu tam xatırlamadığını, telefon danışıqlarında xanıma “düzdür” dedikdə ona insani baxımdan yanaşdığını, məqsədi narazılığı və gərginliyi aradan qaldırmaq olduğunu bildirmişdir. O, Mətanət xanımın şikayəti ilə tanış olduğunu, lakin, xatırlamadığını söyləmişdir. O, yazışmalarda xanımla aralarında inciklik qalmasın deyə, aranı yumşaltmaq məqsədi ilə ona Elmira xanım barəsində tədbir görüləcəyini demişdir. Lakin, Mətanət xanımla onun tərəfindən aparılan bütün yazışmaları xatırlamadığını söyləmişdir. Bundan başqa, Mətanət xanımla yanız ona məxsus olan ***-***-**-** nömrəsi ilə danışdığını bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə və şahidlərin izahatları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49cu maddələrinin tələbləri pozularaq X3 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. X1 xx.xx.2025-ci il tarixli şikayətinin məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixində “Gilan Tekstil” şirkəti tərəfindən keyfiyyətə nəzarət operatoru vəzifəsi üzrə əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb olunmuşdur. Belə ki, 1600 ədəd yastıq üzü çevirmə prosesini icra etmişdir. Günün sonunda vətəndaşa işini bəyəndiklərini, işlə təmin olunacağı barədə məlumat verəcəklərini bildirsələr də, cari tarixədək bu barədə məlumat verilməmişdir. Müəssisə rəhbəri Elmira xanımla əlaqə saxlasa da, zənglərə cavab verməmişdir. O, mövcud haldan narazıdır, araşdırılmasını və köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X6 Şəxs MMC-də Rəhbərlik/İnsan Resursları şöbəsində işə qəbul üzrə mütəxəssis vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, X11 Şəxs MMC-də Rəhbərlik/İnsan Resursları şöbəsində təşkilati inkişaf üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. İş materiallarında olan X3 ilə X9 məxsus olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış “Whatsapp” yazışmasında X7 M.Məhərrəmovanın onun nəfəs almadan, dayanmadan işləməsinə cavab olaraq “Düzdür, bilirsiz necə insan qəribə varlıqdır birini xam görən kimi istifadə etməyə tələsir.” məzmunda , digər bir yazışmada isə “O xanım haqqında lazımi bütün tədbirləri gördürəcəm mən.” kimi məzmunda cavab verməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Şəxs MMC-də xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, lakin sonradan onunla əmək müqaviləsi bağlanmadığından xx.xx.2025-ci il tarixdə X12 Xidmətinin qaynar xəttinə müraciət edərək şikayət etmişdir. Məhkəmə iclasında M.Məhərrəmova şahid qismində dindirilərkən də şikayətin məzmununa uyğun izahat verərək, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-də əmək müqaviləsi olmadan işləməsini təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında Şəxs MMC-nin işçisi X11 şahid qismində verdiyi izahatında iş materiallarına əlavə edilmiş Whatsapp yazışmalarında olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin ona məxsus olduğunu, həmin nömrə vasitəsilə M.Məhərrəmova ilə danışdığını, onunla danışmasının məqsədinin arada olan narazılığın aradan qaldırmaq olduğunu bildirsə də, M.Məhərrəmovanın MMC-də işləmədiyini bildirmişdir. Məhkəmə şahid A.Quliyevanın “M.Məhərrəmovanın MMC-də işləməməsini” bildirməsinə münasibətdə qeyd edir ki, şahid hazırda barəsində protokol tərtib edilmiş hüquqi şəxsdə işləyir və onun hazırki izahatı hüquqi şəxsin müdafiəsi xarakterlidir. Belə ki, şahid A.Quliyeva şikayət verən şəxs M.Məhərrəmova ilə olan danışıqları zamanı bir dəfə olsun M.Məhərrəmovaya onun şirkətdə işləmədiyini, nə üçün şirkətdə işləmədiyi halda şikayət verdiyini söyləməmiş, əksinə, onun dediklərini təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında izahat verən şahid E.İsgəndərovanın izahatına münasibətdə məhkəmə qeyd edir ki, onun izahatı barəsində protokol tərtib edilmiş hüquqi şəxsin müdafiəsi xarakterlidir. Beləliklə, məhkəmə araşdırma zamanı məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. İnzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar