Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-318/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük böyük icra məmuru X3, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlar massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük böyük icra məmuru X10 tərəfindən 25 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2019 saylı 09.10.2019-cu il tarixli icra sənədinə əsasən yaranmış 3.880,00 manat aliment borcu üzürsüz səbəbdən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük böyük icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2019 saylı 09.10.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 16 sentyabr 2019-cu il tarixdən başlayaraq 30 may 2006-cı il təvəllüdlü X4, 02 oktyabr 2008-ci il təvəllüdlü X6 və 08 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110,00 manat, cəmi 330,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. Lakin borclu həmin məbləği ödəməməsinə səbəb kimi maddi imkanının olmamasını göstərmişdir. İcra sənədi üzrə tələbkar X8 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2019 saylı 09.10.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 16 sentyabr 2019-cu il tarixdən başlayaraq 30 may 2006-cı il təvəllüdlü X4, 02 oktyabr 2008-ci il təvəllüdlü X6 və 08 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110,00 manat, cəmi 330,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Lakin borclu bu günə kimi cəmi 400,00 manat aliment ödəmişdir. İcra sənədi üzrə tələbkar X8 qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2019 saylı 09.10.2019-cu il tarixli icra sənədinə əsasən ondan 16 sentyabr 2019-cu il tarixdən başlayaraq 30 may 2006-cı il təvəllüdlü X4, 02 oktyabr 2008-ci il təvəllüdlü X6 və 08 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110,00 manat, cəmi 330,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. Hazırda 3880 manat aliment borcu vardır. Həmin borcunun yaranmasına səbəb maddi imkanının olmamasıdır. Lakin, uşağlar üçün dəfələrlə geyinməyə paltarlar almışdır. Hazırda həmin məbləğdə ödəniş etməyə maddi imkanı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarına əlavə edilmiş 16.10.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs 20.12.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 09.07.2020-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-318/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-318/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver