Məhkəmə qərarları › İş №3(060)-3183/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3183/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3183/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən ünvan 1 ünvanında yerləşən “Fəxri” marketdə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istehlakçıya satılması faktı aşkar olunmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, aparılan reyd zamanı “Fəxri” marketdə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik çəngəl, bıçaq satıldığı aşkar olunmuşdur. Belə ki, qanunvericiliyə əsasən yalnız karton tərkibli çəngəl-bıçaq dəstlərinin, qabların satışına icazə vardır. Həmin qabların tərkibinin plastik olması və tərkibində karton olmamasını vizual olaraq müəyyənləşdirmək mümkündür. Aparılan reydlər zamanı “Fəxri” market və “Araz” marketdə bu fakt aşkar edilmiş və barələrində protokol tərtib edilmişdir. Məhkəmənin sualına cavab olaraq protokol tərtib edən orqanın nümayəndəsi bildirmişdir ki, yoxlama ilə bağlı Ədliyyə Nazirliyindən icazə almaq mümkün olmadığından həmin yoxlamaların həyata keçirilməsi ilə bağlı reyestrdən çıxarış sahibkara təqdim edilməmişdir. Çünki, yalnız xüsusi hallarda və şikayətlər əsasında az sayda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Yoxlama üçün icazələrin tələb edildiyi halda isə yoxlamaların dayandırıldığı əsas gətirilərək imtina edilir. Yoxlamaların dayandırılmasına riayət edilsə, bu zaman nazirlik tərəfindən gərək heç bir fəaliyyət göstərilməsin. Bununla da sahibkarlar tərəfindən qanunların pozulması qaçınılmaz olacağını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan plastik çəngəl-bıçaqları "xxxx" MMC-dən almışdır və onların satışı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sertifikatı vardır. Bundan başqa, həmin qablar gömrükdən keçirilərək ölkə ərazisinə gətirildiyindən, gömrükdən icazə verilməsinə əsaslanaraq onların satışı üçün problem yaranmayacağını düşünmüşdür. Həmin qablardan həmçinin, özləri də istifadə etmişlər. Məhkəmədən barəsində cərimənin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 085/PT nömrəli aktından görünür ki, X3 Xidmətindən daxil olmuş 827/DETX-17 saylı, 21 oktyabr 2025-ci il tarixli tapşırıq əsasında xidməti ərazidə fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərində NK-nin 2 fevral 2021-ci il tarixli 28 №-li qərarı və X5 haqqında Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinin tələblərinə riayət olunmasını müəyyən etmək məqsədi ilə 30 oktyabr 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Fəxri” marketdə (VÖEN:**********) monitorinq keçirilmişdir. Market işçilərinin iştirakı ilə keçirilən monitorinq zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkan, boşqab, qaşıq, bıçaq və s. məhsulların yerləşdirildiyi, həmçinin mal və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edildiyi, onların satış qiyməti barədə alıcıların əvvəlcədən məlumatlandırıldığı müəyyən edilmişdir. Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli İnzibati xətalar haqqında işlər üzrə bildirişə əsasən idarə əməkdaşları tərəfindən xidməti ərazidə aparılan monitorinq zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən “Fəxri” marketə məxsus ticarət obyektinin vitrinində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkan, boşqab, çəngəl, qaşıq, bıçağın “X5 haqqında” qanunun 46-cı maddəsinə zidd olaraq istehsalçılara satması faktı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 91622 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Fəxri” marketin vitrinində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların “X5 haqqında” Qanunun tələblərinə zidd olaraq istehlakçıya satılması və verilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli 085/PT saylı monitorinq aktında göstərilənlər yerində araşdırılmışdır. Araşdırmada iştirak etməsinin təmin edilməsi üçün “Fəxri” marketin sahibi Şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə yaradılaraq araşdırmaya dəvət edilsə də, həmin şəxs heç bir səbəb göstərilmədən əraziyə gəlməkdən və araşdırmada iştirak etməkdən imtina etmişdir. Araşdırma müddətində qeyd olunan marketin vitrinində qoyulmuş məhsulların (plastik) satışının qadağan olunması barədə marketin rəhbərliyinə şifahi xəbərdarlıq edilmiş eyni zamanda xx.xx.2025-ci il, xx.xx.2025ci il tarixlərində inzibati araşdırmada iştirak etməsi üçün səlahiyyətli nümayəndəsinin vəkalətnamə və şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 4 saylı RETSİ-nə dəvət olunması barədə idarə tərəfindən “Fəxri” marketə bildiriş məktubları göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ 031 RSK 7268 seriya nömrəli gigiyenik sertifikatından görünür ki, idxal edilmiş ərzaq məhsullarının qablaşdırılması üçün plastik qablar təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş, 33-24, 34-24, 31-24, 26-24 və 27-24 saylı SK/SL-T-nin tələblərinə cavab verir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Fəxri” marketin sahibi Şəxs barəsində İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmiş və protokolun tərtib edilməsinə əsas olan xx.xx.2025-ci il tarixli 085/PT nömrəli akt tərtib edilmişdir. Qeyd edilən aktda və protokolda “Fəxri” marketin sahibi Şəxs tərəfindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkan, boşqab, qaşıq, bıçaq və s. məhsulların yerləşdirildiyi, həmçinin mal və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbaların istehlakçılara satılması qeyd edilsə də, həmin məhsulların plastik olması, tərkibində karton olmaması və qalınlığını 15-50 mikron olması ilə bağlı hər hansı ekspert rəyi alınmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın və ya monitorinqin gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların və monitorinqlərin hüquqi nəticəsi yoxdur. Məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış materiallar Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında işolan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsiri sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 266.1, 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar