Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-32/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, “X8” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “X8” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə “X8” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Salahova Fəridə Nizami qızı və Sultanzaadə Elmir Valeh oğlunun müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla da “X8” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi X6 izahat verərək bildirdi ki, “X8” MMC-nin iki işçisinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Həm MMC-nin direktorunun, həmçinin həmin işçilərin izahatları alınaraq raport şəklində materiallara əlavə edilmişdir. Araşdırma zamanı inzibati xəta halları aşkar edildiyi üçün vəzifəli şəxs barədə İXM-nin 192.1-ci maddəsinə əsasən protokol və qərar tərtib olunmuş, hüquqi şəxs barəsində də protokol tərtib olunaraq aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxsin hüquqi ünvanı Siyəzən rayonu ərazisidir, lakin müəssisə Sumqayıt şəhəri ərazisində yerləşir. Hüquq pozuntusu şəxslərin polis idarəsinə verdiyi izahatlara əsasən müəyyən olunmuşdur. Müfəttişlik birbaşa pozuntunu aşkar etməmiş, polis əməkdaşları pozuntunu aşkar edib sonra aidiyyəti üzrə onlara göndərmişdir. Yoxlama zamanı hər iki şəxsin aktiv əmək müqaviləsi bildirişinin olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında “X8” MMC-nin nümayəndəsi Nümayəndə Vəliyəddin oğlu bildirmişdir ki, “X8” MMC-nin hüquqi ünvanı Siyəzən şəhəridir. Müəssisə özü də Siyəzən şəhərində yerləşir. Sumqayıt şəhərində yalnız MMC-yə məxsus anbar kimi fəaliyyət göstərən bir obyekt vardır. Bu anbara əsasən Siyəzəndə istehsal olunan qapılar və sair satılmaq üçün yığılıb saxlanır. Bəzi müştərilər istehsal olunan məhsulların üzərində müəyyən dəyişikliklər edilməsini istəyirlər. Bu zaman usta kimi fəaliyyət göstərən şəxslərlə podrat müqaviləsi bağlanılır və onlar həmin işləri görürlər. Protokolda göstərilən Salahova Fəridə Nizami qızı və Sultanzadə Elmir Valeh oğlu MMC-nin işçiləri deyillər. Onlar podratçı kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Çünki Sumqayıt şəhərində MMC-nin hər hansı istehsalat sahəsi yoxdur. Həmçinin polis əməkdaşları həmin obyektə qanunsuz daxil olaraq, burada səlahiyyətlərinə aid olmayan məsələ ilə bağlı yoxlama keçirmişlər. X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi obyektdə yoxlama keçirməyib. Onlar yalnız polisin verdiyi məlumat əsasında protokol tərtib ediblər. Qeyd edilənlərə əsasən nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “X8” MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2012-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Sumqayıt şəhər Polis İdarəsinin X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda “X8” MMC-nin işçilərinin DİN-in vahid mərkəzləşmiş portalı vasitəsilə yoxlanarkən 2 nəfər işçininin əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Həmin işçilər Salahova Fəridə Nizami qızı və Sultanzadə Elmir Valeh oğludur. “X8” MMC-nin direktoru X1 tərəfindən Sumqayıt ŞPİ-də verilmiş izahatda o, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən MMC-yə məxsus taxta qapı istehsalı mnüəssisəsində direktor vəzifəsində işlədiyini, Sultanzadə Elmir Valeh oğlunun işlə tanış olmaq üçün müəssisəyə gəlib getdiyini, Salahova Fəridə Nizami qızının 20 günə yaxın müəssisəyə gəlib getdiyini, azyaşlı uşağı olduğu üçün işləmədiyini, əmək haqqının əlbəəl verildiyini bildirmişdir. Salahova Fəridə Nizami qızı Sumqayıt ŞPİ-yə verdiyi izahatında MMC-yə məxsus müəssisədə qablaşdırıcı işlədiyini, 08:30-da işə gəlib 18:00-da çıxdığını, 400 manat əmək haqqı aldığını və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Sultanzadə Elmir Valeh oğlu Sumqayıt ŞPİ-yə verdiyi izahatında MMC-yə məxsus müəssisədə anbardar işlədiyini, 08:30-da işə gəlib 18:00-da çıxdığını, 500 manat əmək haqqı aldığını və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «X8» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar ilə təsdiq edilir. Bu səbəbdən «X8» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək müqaviləsi üzrə işəgötürənin vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. Azərbaycan Respublikası İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "X8" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Salahova Fəridə Nizami qızını və X2 Məhdud Məsuliyyətli Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş və nəticədə inzibati xəta törətmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. MMC-nin nümayəndəsinin məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı məhkəmə bildirir ki, həmçin dəlillər yalnız özünü müdafiə xarakteri daşıyır. Belə ki, inzibati xəta MMC-nin Sumqayıt şəhərində yerləşən müəssisəsində törədilmişdir. Polisə verdikləri izahatlarında isə Sultanzadə Elmir Valeh oğlu və Salahova Fəridə Nizami qızı həmin müəssisədə işlədiklərini etiraf etmişlər. MMCnin nümayəndəsinə müəssisənin direktorunun və ya Sultanzadə Elmir Valeh oğlu və Salahova Fəridə Nizami qızının məhkəmə iclaslarında şahid kimi iştiraklarının təmin edilməsi təklif edilsə də, o növbəti məhkəmə iclaslarında iştirak etməmiş və həmin şəxslərin iştirakını təmin etməmişdir. Məhkəmə araşdırması zamanı "X8" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «X8» MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, “X8” MMC hüquqi şəxs kimi məsuliyyətə cəlb edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: «X8» MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 000 (iyirmi beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-32/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-32/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver