Məhkəmə qərarları › İş №3(060)-320/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-320/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-320/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti onunla əsaslandırdı ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərid Piriyev tərəfindən onun barəsində MN ******* saylı 09 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16.05.2021-ci il tarixli 36 saylı sərəncamına əsasən xidməti ərazidə yerin təkindən qanunsuz istifadə ilə bağlı aparılan araşdırma zamanı Sumqayıt şəhəri, Novxanı Bağlar massivi 4966 saylı bağ sahəsinin qanunsuz olaraq geniş yayılmış faydalı qazıntı növü olan 96 m3 həcmində qumun götürülməsi faktı aşkar olunmuşdur. Qərarda göstərilir ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 4966 saylı bağ sahəsinin qanunsuz olaraq icazə sənədi olmadan faydalı qazıntı növü olan 96 m3 qumun daşınaraq aparılması aşkar olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən təbiətə 1344(bir min üç yüz qırx dörd) manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X4 üzrə dövlət fonduna” (VÖEN: ********** ,H/H: AZ10CTRE********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3 BANK DXA kod 210005 VÖEN ********* müxbir hesab AZ 41 NABZ 013601********** 3944, SWİFNBİT: CTREAZ 22 ödənilməlidir. Əks təqdirdə qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görüləcəkdir. Bütün bunları nəzərə alaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 09 iyun 2021-ci il inzibati xəta haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, X3 tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4966 saylı bağ sahəsindən qanunsuz olaraq, icra sənədi olmadan faydalı qazıntı növü olan 96 m3 qumun daşınaraq aparılmışdır. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də həmin şəxs barəsində 09 iyun 2021-ci il tarixli, Mn seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 28 dekabr 1998-ci il tarixli, 238 №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 1.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Həmin Qərarın 2.1.1-ci maddəsinə görə isə torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılmış faydalı qazıntılardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və onları sata bilməzlər. Beləliklə, iş materiallarına əlavə olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 4966 saylı bağ sahəsindən qanunsuz olaraq icazə sənədi olmadan faydalı qazıntı növü olan 96 m3 qumun daşınaraq aparılmasına görə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Göründüyü kimi protokolda 96 m3 qumun daşınaraq aparılması qeyd olunmuş, lakin qazılmış hissənin 5 metr dərinliyi keçibkeçməməsi məsələsi araşdırılmamış, həmçinin şəxsin torpaq sahəsindən öz ehtiyaclarını ödəmək məqsədilə deyil, digər məqsədlərlə istifadə etdiyini sübut edən hallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü və 135.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar