Məhkəmə qərarları › İş №3(060)-320/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-320/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-320/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə 01 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olarkən yüksək səslə küşə söyüşləri istifadə etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il traixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olarkən mobil nömrəsinə zəng gəlmişdir. Onza zəng edən şəxslə aralarında söz mübahisəsi baş verdiyindən o əsəbləşərək yüksək səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə olan polis əməkdaşı ona yaxınlaşaraq nizamintizama dəvət etmiş, ona asta səslə telefonda danışmasını bildirmiş, lakin o, öz hərəkətinə davam edərək telfonla danışmağa davam etmişdir. Lakin polis əməkdaşı ona polisin qanuni ələbinə məhəl qoymamsını bildirərərk onu ərazi üzrə polis bölməsinə aparmışdır, halbu ki, o, polisin qanuni tələbinə tabe olmuş, heç bir etiraz etmədən polis bölməsinə getmişdir. Hazıda törətdiyi əməldən peşmançılığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin əməliiya müvəkkili, polis kiçik leytenant X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:25 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində xidməti zərurətlə bağlı gəzərkən bir nəfər şəxsin küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və bu zaman həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs öz hərəkətlərinə davam etmişdir. Daha sonra onu polisin qnuni tələbinə qəsdlə tabe olmamasına görə ərazi üzrə polis bölməsinə gətirmişdir. PB-də olan zaman müəyyən olunmuşdur ki, o, xx.xx.1996-cı ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, ünvan 2 ünvanında yaşayan Şəxsdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:25-də inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 11:00-da azad olunmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs peşimançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-cis maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir və Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 fevral 2023-cü il saat 00:25-dən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 01 fevral 2023-cü il saat 00:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar